Egey sahillərində tapılan miqrant meyitlərinin sayı 34-ə çatıb
06 yanvar, 2016 12:54
Bundan əvvəl 21 mühacirin meyitinin tapıldığı bildirilmişdi.
Məlumatda qeyd olunur ki, Yunanıstanın Lesbos adasına getmək istəyən miqrantların bir neçə qayığı aşıb. İlkin məlumata görə, söhbət iki insidentdən gedir.
Qayıqların və onların göyərtəsində olan miqrantların dəqiq sayı məlum deyil.
Meyitlər iki müxtəlif yerdə aşkarlanıb. 24 cəsəd Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10 nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib.
Məlumata görə, birinci insidentdə ölənlərin İraq, Əlcəzair və Suriya vətəndaşları olduğu bildirilir, ikinci insidentin qurbanlarının vətəndaşlığı barədə məlumat verilmir.
Qeyd edək ki, axtarışlar davam etdirilir.
Əməliyyata qayıqlar və helikopter cəlb olunub.