Baş nazirin müavini: "2016-cı il Azərbaycanda icbari tibbi sığorta praktikasının həyata keçirilməsinin ən məsuliyyətli dövrü olacaq"
30 dekabr, 2015 13:09
Amma bu günə qədər, üstündən 15 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycanda icbari tibbi sığorta praktikası həyata keçirilmir.
Bunu baş nazirin müaviniƏli Əhmədov deyib.
Onun sözlərinə görə, iki ay bundan əvvəl ölkə Prezidentinin sərəncamı ilə icbari tibbi sığorta sahəsində praktik addım atıldı, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru təyin olundu və indi həmin Agentliyin texniki, normativ sənədlərinin hazırlanması prosesi həyata keçirilməkdədir.
O, deyib ki, Azərbaycanda ilk dəfə icbari tibbi sığorta tətbiq olunur və bununla əlaqədar olaraq qurumun tam fəaliyyət göstərməsi üçün xeyli müddət lazım olacaq:
"Ən azı texniki cəhətdən bu qurumun formalaşması xeyli vaxt tələb edir. Bu qurum yaranıb fəaliyyətə başlayandan sonra mövcud olan qanunvericiliyin nə dərəcədə indiki reallıqlara uyğun gəlib-gəlmədiyi aydınlşacaq. Yalnız o zaman icbari tibbi sığorta haqqında qanunvericiliyə təkliflər irəli sürmək mümkündür. Mən də düşünürəm ki, 1999-cu ildə qəbul olunmuş qanuna müəyyən düzəlişlər etməyə ehtiyac yaranıb.
Amma icbari tibbi sığorta praktikasını həyata keçirmədən həmin qanunda nəyi dəyişmək haqqında aydın təsəvvür formalaşdırmaq çox çətindir. Ona görə də müəyyən qədər gözləmək lazımdır ki, icbari tibbi sığorta fəaliyyətə başlasın, icbari tibbi sığorta münasibətləri tətbiq edilsin, praktiki olaraq, bu xidmət vətəndaşlara göstərilsin.
Və bundan sonra qanunvericilikdə indiki real həyatımızla uyğun gəlməyən məqamlar ortaya çıxacaq, sonra da həmin məqamların aradan qaldırılması və müasirləşdirilməsi istiqamətində addımlar atılacaq.
Güman edirəm ki, 2016-cı il Azərbaycanda icbari tibbi sığorta praktikasının həyata keçirilməsinin ən məsuliyyətli dövrü olacaq. Bu mərhələdə qurum formalaşacaq, onun fəaliyyət prinsipləri müəyyənləşəcək. Bır sıra pilot layihələr reallaşdırılacaq, Azərbaycana daha uyğun gələn sığorta modeli seçiləcək".