Əbülfəs Qarayev: “2016-cı ildə mədəniyyət sahəsində və turizm sektorunda mühüm yeniliklər olacaq”
29 dekabr, 2015 12:54
Təbrikdə deyilir:
“Xalqımız və dövlətimiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2015-ci ildə dünyada və əhatəmizdə olan geniş bir coğrafiyada cərəyan edən, müəyyən təsirləri Azərbaycandan da yan keçməyən qlobal maliyyə-iqtisadi böhrana, məlum çətinliklərə rəğmən ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində və turizm sektorunda inkişaf tempi davam edib.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində təmin olunan sosial-iqtisadi tərəqqi, o cümlədən regionların inkişafı, ölkəmizin xarici əlaqələrinin, beynəlxalq təşkilatlarda nüfuzunun möhkəmləndirilməsi həyata keçirilən mədəniyyət layihələrində də özünü göstərib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq festivallar, sərgilər mədəniyyət və incəsənətimizi təbliğ etmək, yeniləşən paytaxtımızı və bölgələrimizin gözəlliklərini dünyaya tanıtmaq baxımdan əlamətdar vəsilə olub”.
Təbrikdə qeyd olunur ki, son illər ölkə rəhbərliyinin diqqət və qayğısı turizm sənayesinin genişlənməsinə zəmin yaradıb:
"Bu gün turizm Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir.Həyata keçirilən infrastruktur layihələri, paytaxtımızda və regionlarda yeni turizm-istirahət mərkəzlərinin, hotellərin, xidmət obyektlərinin istifadəyə verilməsi həm daxili turizmin inkişafına, həm də xarici turistlərin ölkəmizə marağının artmasına səbəb olur. Bu sahədə aparılan dövlət siyasəti nəticəsində respublikamızda yay turizm növləri ilə yanaşı, qış turizmi də uğurla inkişaf etdirilir. 2015-ci ildə Azərbaycanın turizm imkanları müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib.
Respublikamızın mədəniyyət və turizm sahələrində çalışan bütün insanları, xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər kəsə ailə səadəti, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.
Nazir bildirib ki, 2016-cı ildə ölkəmizin həyatında, eləcə də mədəniyyət sahəsində, turizm sektorunda mühüm hadisələr, yeniliklər, tədbirlər gözlənilir.
Aytən