Zakir Həsənovdan ermənilərə göz dağı: “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaq”
29 dekabr, 2015 12:51
Nazir 2015-ci ildə ordumuzun maddi-texniki təchizatının güclənərək ən yüksək səviyyəyə qalxdığını, müasir silah və texnikaların alındığını, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işinin uğurla davam etdirildiyini bildirib:
“İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilib. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir”.
Z.Həsənov vurğulayıb ki, şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun:
“Hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır.
İnanıram ki, Siz bu etimadı doğruldacaq, Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır” şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz. Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!
Hərbi anda sədaqətə, çətin, şərəfli hərbi xidmətdə fədakarlığa və böyük qələbəmizə inama görə hər birinizə minnətdarlığımı bildirirəm”.
Fərid Ədalət