Bunu Azərbaycan prezidenti İlham Əliyevəfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə keçirilən görüşdə bəyan edib.
İlham Əliyev deyib ki, iki ölkə beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparır, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edir:
“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik”.
Prezident deyib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar:
“Bu gün biz, həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, biz gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm”.