Qərib, saxla. Düşən var, və ya “siz hələ də Azərbaycanda yaşayırsınız?” kimi ritorik sual – Köşə
23 dekabr, 2015 13:15
Bilmirəm, digər yazı yazanlar - yazıçılar, (əsl şairləri deməyim, onlarınki bir az ruh işidir...) sonra canım sizə desin, köşə yazarlarıdır, orda burda lazım olan, olmayan adamlardan müsahibə alanlardır filan nəsə yazandan sonra cəmiyyətin yaxşılığa və yaxud babata doğru dəyişməyini gözləyir, ya yox, amma mən gözləyirəm.
Və görəndə ki, dəyirman öz işindədir, mən də çox şey eləmirəm, yəni baş ağrıtmıram. Pulum səni verim pis olum, ya verməyim pis olum məsəlindəki pul sözünü “söz” ilə əvəz edirəm. Sözüm, səni deyim pis olum, ya deməyim pis olum? Deməyib pis olmagı seçirəm. Bir az da laqeydliyə yozun, nə deyirəm ki...
Son hadisələrə, dünyadakı təlatümlərə, çətinləşmiş həyata, dollar və manat duelində nakauta düşən milli valyutamıza, neftin qara günlərinə, Qərb və Şərq qarşıdurmasındakı raundların hamısında Şərqin yerə sərilməsinə və s. hərənin öz münasibəti var.
Mən başa düşürəm ki, insanlar müxtəlif təbəqələrin nümayəndələri ola bilər və söhbətləri, düşüncə tərzləri və dünyagörüşləri hansısa bir nöqtədə ayrıla bilər. Öz səviyyəndə olmayan və səni anlamayanlar, həqiqətlərə və yaxud doğru fikrə qulağı bağlı olan insanlar da var.
Cəmiyyət, hələ bizim cəmiyyət bir tapmacadır.
Azərbaycanda yaşamaq istəyənlər, özlərini vətənsiz təsəvvür etməyənlər hər ölkədə olduğu kimi var. Burada həm də vətənində yaşamaq istəməyənlər, imkan düşsə, dabanına tüpürüb və yaxud elə sakit çıxıb getmək istəyənlər də yox deyil. Getməyin də yollari var əlbəttə ki.
Adamlar var başqa ölkədə baş çıxaracaq qədər savadlı, yeniliklərə açıq, düşüncəli və kreativdir. Adam da var burdan gedib qaçqın şəhərciyində, orada burada yaşaya-yaşaya özünə gün ağlayır, məhrumiyyətlərə dözür və qəriblikdə qalıb arzusuna çatır.
Əslində mənə heç dəxli yoxdur kim harada hansı şəraitdə yaşayıb qərbli olub və yaxud olacaq. Düz sözümdür. Səmimi deyirəm. Amma mənə dəxli var ki, qəribliyə hansı yollarlasa gedib, oralarda pis yaxşı baş çıxaranlar belə həssas məqamlarda guya ki, əla şəraitdə oturub həmvətənlərinə agıl və yaxud da ki, “siz hələ də Azərbaycanda yaşayırsınız?” kimi ritorik suallar verib lağ edirlər.
Belə bir fikir var ki, əgər sən hələ də Azərbaycanda yaşayırsansa, deməli Qərbdə yaşaya bilməzsən. Yəni sən daha az bilənsən, orada lazımsızsan və baş çıxara bilməzsən. Kökündə “mən sizdən bir baş yuxarıyam” dayanan bu fikrin doğruluğuna məni kim inandıra bilər?
Yəni mən 3 uşaq anası Azərbaycanda ancaq evdar qadın olan Səmayədən əlsiz ayaqsızam? Kişinin qızı uşaqlarını da götürüb İsveçrəyə köçdü. İndi qohumları ilə ancaq skaypla danışır, arada almanca ilə qarışdıraraq. Yoxsa 55 yaşlı, əlindən heç bir iş gəlməyən Çimnazdan da kütəm? Qaçqın şəhərciyində qala-qala Almaniyaya yerləşdi axır ki... Əlbəttə elə deyil.
İnsanların özlərinə sığışdırdıqları və sığışdırmadıqları, aşa biləcəkləri və aşa bilməyəcəkləri baryerlər var. Burada qoyub getmək istəmədikləri qoca valideynləri və sevgililəri ola bilər. Orada gedib hambal kimi işləyərək özünə gün qazanmağı yeyən və yeməyənlər var.
Və ən sonda, öz vətənində hər nə olursa olsun, çətin, ya asan, pis, yaxud yaxşı qalıb yaşamaq istəyənlər var. Hamı atına minib hara gəldi çapmaq istəməyə bilər.
Burada aldığımız təhsil məlumdur ki, Avropa və Amerikada o qədər də qəbul edilən deyil. Bütün bunlar bəzilərinə burdan gedib yaxşı dünya, daha gözəl yaşayış və s. axtarmasına mane olmur. Gedir, haradasa qalır, nəsə tapır yeyir, nəsə tapır geyinir, kimisə tapır dostlaşır, oxuyur ya işləyir, cəmiyyətə adaptasiya olur, başlayır onlar kimi düşünməyə, danışmağa, yol göstərməyə, bir sözlə, adam olur.
Bu sözümdən kim inciyir, incisin. Amma bu sözümü hamıya şamil etmirəm. Qınından çıxıb qınını bəyənməyənlərdən söhbət gedir.
Belələri elə düşünürlər ki, qəhrəmandırlar, nə isə qeyri adi iş görüblər. Amma nəzərə alsaq ki, son vaxtlar dünyanın yarıdan çoxu elə qaçqındır, pis yaxşı özlərini digər ölkələrə birtəhər çatdırıblar və yaşayırlar bu elə də qəhrəmanlıq sayılmır.
Dollarla olan son sərgüzəştlər buradan gedib digər ölkələrdə yaşayanlara elə bil ləzzət edib. Baxın, biz ağıllı çıxdıq aradan çıxdıq siz qaldınız, bəs bilmirdiniz belə olacaq, filan kimi fikirləri həm oxuyuram, həm də ordan burdan eşidirəm. Yəni bununla kim nə demək istəyir, bilmirəm.
Çünki zənnimcə sözü samballı olan insanların nə dediyini anlamaq və qavramaq lazımdır. Özünü sanki batan gəminin son siçanı kimi aparanlara nə deyim? Azərbaycanda qalmaq istəməyənlərin qərarlarına kimsə müdaxilə edə bilməz. Amma vətəndən gedəndən sonra buranın potensial əməksevər insanlarının bilik və bacarıqlarda və bir çox keyfiyyətlərdə sizdən qat-qat üstün ola-ola onların edə biləcəklərini şübhə altına ala bilməzsiniz.
Həmçinin də bu ölkənin gələcəyini şübhə altına ala bilməzsiniz. Bəlkə də elə siz burada yaşamağı bacarmadınız və yaxud siz bura layiq deyilsiniz. Biz oralara yox.
Ağıllı başların Azərbaycandan getməsinə bir vətəndaş kimi üzülürəm.
Amma gedənlərin çoxu da axı ağıllı baş deyil. Mənim tanışlarım arasında da burdan getmək istəyən, buna görə müxtəlif səbəbləri olan insanlar var. Hamının yolu açıq olsun, nə deyək...
Bəlkə mən özüm də nə vaxtsa nə səbəbdənsə burdan köçməli oldum.
Həyat sürprizlərlə zəngindir. Amma bir qayıdıb gəlməyə vətənimiz var axı. Birdən üzümüzə yaxşı baxmasalar qayıdıb gəlsək, bir vaxtlar burada qalıb yaşamaq üçün mübarizə aparan, bəlkə də pulu daşdan çıxan insanlara rişxənd etdiyinizi xatırlayın.
Çox güman ki, elə burada qalıb yaşamaq istəyənlərin və vətəndən heç yerə getmək istəməyənlərin sayəsində Azərbaycana qayıtmaq istəyəcəksiniz. Siz orda Corcla can bir qəlb ikən buradakı Həsən, Hüseyn bu ölkə üçün nələrsə edəcək.
Gəlib hazıra nazir olacaqsınız, əminəm. Amma o zaman mənim kimiləri görəndə “nə oldu? Niyə doğma atanın yanında qalmadın? Ögey anan yadına düşdü?” sualını gözləyin.
Gülnar Muradova