Sahib Alıyev: “Üzən məzənnə”yə keçilməsi qaçılmaz idi”
22 dekabr, 2015 13:47
Mərkəzi Bank üzən məzənnəyə keçidi elan edərkən, ilk olaraq qeyd olundu ki, bu ilk növbədə dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ilə əlaqədardır.
Təbiidir ki, bu da neft ixrac edən ölkələrin iqtisadiyyatında mənfi tendensiyaların yaşanmasına səbəb olur.
Hazırda bir çoxları dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması daha çox siyasi səbəblərlə bağlayırlar.
Xatırladılır ki, ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün ABŞ və onun təsirində olan OPEK tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salınmışdı. Oxşar ssenari hal-hazırda Rusiyaya qarşı yenidən tətbiq edilir.
OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahib olsa da, bu istiqamətdə addım atmır.
Neft bazarında süni olaraq yaradılmış qiymət böhranın fonunda ABŞ-n indiyə qədər toxunmadığı yanacaq-energetika ehtiyatlarının istehsal və ixracına qərar verməsi də böhranın dərinləşməsi üçün atılan addımlardandır.
İqtisadi amillər də burada öz rolunu oynamaqdadır. İstənilən halda səbəblərindən asılı olmayaraq neftin qiymətinin kəskin aşağı düşməsi, neft ixracaatçısı ölkəsi kimi Azərbaycanın da iqtisadiyyatına təsir edib.
Hazırda söhbət artıq qəbul edilən qərarın sıravi vətəndaşlara neqativ təsirinin azaldılmasından gedir.
Millət vəkili Sahim Alıyev də hesab edir ki, ilk növbədə çalışılacaq ki, növbəti devalvasiya, “üzən məzənnə”yə keçilməsi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün mümkün qədər ağrısız keçsin.
“Manatın dəyərdən düşməsi, yaxşı haldırmı, yox. Mən maaşa dolanan bir vətəndaş olaraq bundan narahatammı? Bəli, narahatam. Təkcə özüm və yaxınlarım üçün deyil, həm də seçicilərim üçün narahatam. Ancaq bilirəm ki, bu, qaçılmaz idi” - deyən millət vəkilinin sözlərinə görə, qonşu dövlətlər “üzən məzənnə” kursuna çoxdan gediblər
“Valyutası bir ildə 250%-ə qədər dəyər itirən Ukraynanı demirəm, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da bildirdiyi kimi son illərdə İran rialı 120%, Qazaxıstan təngəsi 108%, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşmüşdü”.
O, qeyd edib ki, neftin bir ilin içində 3 dəfə ucuzlaşması, üstəlik bizim əsas ticarət tərəfdaşlarımızın valyutalarının dəyərdən düşməsi reallığında ya biz bütün strateji ehtiyatlarımızı tükədərək sonra daha pis vəziyyətə düşməli, ya da indi atılan addımı atmalıydıq.
“Fəqət elə dünən Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün, müstəqilliyimizin, konstitusiya quruluşumuzun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün özünün ehtiyat fondundan 10 milyon manat ayırması ondan xəbər verir ki, dövlət manatın devalvasiyasından sonra prosesləri başlı-başına buraxmayacaq.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi ilk növbədə çalışılacaq ki, bu, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün mümkün qədər ağrısız keçsin” - deyə, S.Alıyev daha sonra sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu