Vüqar Bayramov: “2016-cı ildə inflyasiya birrəqəmli olacaq”
18 dekabr, 2015 12:30
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O deyib ki, 2015-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 35 faiz idisə, 2016-cı ildə bu rəqəm 46,6 faizə qədər yüksələcək.
2016-cı ildə qlobal, regional çətinliklərə baxmayaraq iqtisadi artım tempi qorunub saxlanacağını deyən ekspert, gələn il Azərbaycandakı iqtisadi artım tempinin MDB üzrə proqnozlaşdırılan artım tempindən 6 dəfə çox olacağını da sözlərinə əlavə edib.
Neftin qiymətinin daha da aşağı düşəcəyi halda büdcədə ayrılan sosial xərclərin taleyi ilə bağlı da danışan Vüqar Bayramov bildirib ki,
2016-cı ildə büdcədə nəzərdə tutulan sosial xərclər - əmək haqqları, sosial müavinətlər və pensiyaların məbləği azaldılmayacaq:
“Büdcə sistemi haqqında qanuna əsasən müdafiə olunan xərclər azaldıla bilməz. Bu mənada hər hansısa narahatlığa ehtiyac yoxdur”.
Ekspert həmçinin, vurğulayıb ki, əgər neftin qiyməti aşağı düşməyə davam edərsə iqtisadi artım tempinin qorunub saxlanmasına baxmayaraq ümumi artım tempinin nisbətən azalmasına səbəb olacaq:
“2016-cı ildə inflyasiya səviyyəsi daha çox iki faktordan asılı olacaq.
Belə ki, əgər gələn il manatın səviyyəsi indiki məzənnnədə və ya büdcədə nəzərdə tutulan kursla davam edərsə ciddi qiymət artımı müşahidə edilməyəcək. Belə olan halda 3 faizə yaxın inflyasiya proqnozlaşdırılır.
Əgər manatın məzənnəsi dəyişərsə, idxal olunan olunan məhsulların qiyməti artacaq. O zaman inflyasiya səviyəsi 7 faizə yaxın ola bilər.
Ümulikdə isə qeyd edə bilərik ki, gələn il inflyasiya birrəqəmli olacaq”.
Fərid Ədalət