Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir.
Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək.
Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı diqqətə çatdırıb.
O, deyib ki, hesablamalara görə, onların 13,2 %-ini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək.
Azərbaycanda bu göstəricinin kifayət qədər aşağı olduğunu bildirən İ.İsayev bununla belə, bəzi dolayı statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verdiyini vurğulayıb:
“Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınmış 84 min 912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub.
Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların 61,6 %-i kənd yerlərində yaşayanlardır.
Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub”.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır.
Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur:
“DSK-nin məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 17 min 503 diri doğulan uşağın 3 min 296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2min 242 nəfəri 15-17 yaşlı anaların payına düşüb.
Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.
K.Həmzəoğlu