Avropa Liqasının hər oyununu orta hesabla 18 486 nəfər izləyib.
Ümumilikdə isə qrup mərhələsinin oyunlarına stadiondan 2 milyon 661 min 971 tamaşaçı baxıb. Ən çox azarkeş toplayan komandaların siyahısında cari mövsümdə yer aldığı qrupda sonuncu olan təmsilçimiz “Qarabağ”ın da adı var. Ağdamlıların oyunlarını Tofiq Bəhramov adına Respublika stadionundan orta hesabla 27 733 azarkeş izləyib. Ümumilikdə isə bu rəqəm 83 200 nəfərə bərabərdi. Məhz bu nəticəyə görə, Qurban Qurbanovun komandası “Top-10”a düşə bilib.
İlk pillədə hər ev oyununa 55 803 nəfər azarkeş gələn Dortmund “Borussiya”sıdır. Avroliqanın qrup mərhələsində almanlarla rəqib olan “Qəbələ” isə ev oyunlarına ümumilikdə 18 300 tamaşaçı toplayıb. “Qırmızı-qaralar” bu göstəriciyə görə 43-cü pillədədir.
Avroliqanın qrup mərhələsində ən çox azarkeş toplayan 10 klubu təqdim edirik:
1. “Borussiya” (Dortmund, Almaniya) – 55 803
2. “Ayaks” (Hollandiya) – 48 282
3. “Şalke” (Almaniya) - 45 603
4. “Liverpul” (İngiltərə) – 40 909
5. “Seltik” (Şotlandiya) – 40 840
6. “Rapid” (Avstriya) – 36 800
7. “Atletik” (Bilbao, İspaniya) – 35 723
8. “Fənərbaxça” (Türkiyə) – 35 388
9. “Tottenhem” (İngiltərə) – 31 355
10. “Qarabağ” (Azərbaycan) – 27 733