Bu barədə Oxu.Az-a müsahibəsində “Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov deyib.
Onun sözlərinə görə, hər şey “Gülüş yığması” layihəsindən sonra başladı.
“Bu layihədə “Hit-parad” adlı rubrikamız var. Musiqili nömrədə baş qəhrəmanlardan biri polis əməkdaşı idi. “Space” telekanalı çıxışımızı verərkən bu hissəni çox qeyri-peşəkar formada kəsib. Sonra isə ümumiyyətlə polislə bağlı olan bütün süjetlər kəsilməyə başlandı”.
T.İmanovun sözlərinə görə, sonradan telekanalın rəhbəri Vaqif Mustafayevlə görüşdə, o, deyib ki, “polisi ümumiyyətlə tənqid etmək olmaz”.
“Vaqif müəllim dedi ki, hələlik başqalarını tənqid etmək olar, amma polisi yox. Sonra bildirildi ki, siz polisin imicinə zərbə vurursunuz. Mən də öz növbəmdə bildirdim ki, əgər dövlət başçısı hər müşavirədə bəyan edirsə hüquq-mühafizə orqanlarında neqativ məqamlar var, biz niyə bu barədə susmalıyıq”, - T.İmanov bildirib.
T.İmanov bəyan edib ki, demokratik ölkədə yaşayır və belə bir yanaşmanı düzgün saymır.
Teatrın rəhbəri deyib ki, “Space”dən sonra ATV kanalına müraciət ediblər.
“Orada bundan da artıq dedilər. Bizə bildirildi ki, polisi, vergiləri, gömrük və FHN-ni tənqid etmək olmaz. Dedilər ki, siz vergiləri tənqid edirsiz, sonradan vergilər bizə yoxlama göndərir, başqa nazirlər zəng vurub hədə-qorxu gəlir”, - T.İmanov deyib.
O, deyib ki, məmurlar dövlət başçısının adından istifadə edirlər.
“Amma mən tam bilirəm ki, bu yalandır. Bilirik ki, dövlət başçısı hər zaman problemin demokratik həllinin tərəfdarı olub”.
T.İmanov deyib ki, ATV-də son konserti hələ yazda verməli idilər, amma zəng vurub dedilər ki, “nazirlərin uşaqlığı haqqında süjeti, polis və gömrük haqqında süjetləri kəsirik”.
O, bildirib ki, Lider telekanalı onlara 2003-cü ildən sonra qadağa qoyub, ANS isə formatın onlara uyğun gəlmədiyini bildirib.