Gün.Az xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
“Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan və Qara dənizi əhatə edən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bir çox üstünlüklərinə baxmayaraq, son dövrlərdə dəhliz vasitəsilə yükdaşımaların həcmində azalma müşahidə olunur” - deyən nazirin sözlərinə görə, dəhlizin Azərbaycan hissəsində 2010-2014-cü illər ərzində dəmir yolu vasitəsilə tranzit yük daşımalarının illik həcmi 45 faiz azalaraq 8,3 milyon tondan 4,5 milyon tona enib.
O, deyib ki, bu, dəhlizin üzv ölkələri arasında yükdaşımalar üzrə koordinasiyanın zəifliyi, tranzit yük daşınması prosedurlarının təkmil və yükdaşıma tariflərinin rəqabətqabiliyyətli olmaması ilə bağlıdır.
Nazirin dediyinə görə, halbuki, bu dəhliz məsafə baxımından Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir:
“Belə ki, 4 200 km uzunluğunda olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mümkün tranzit müddəti 14 gündən azdır.
Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına böyük imkanlar yaradır.
Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı qazanacaq”.