Uzun müddət spesifik “qanunlar”la yaşayan, ümumazərbaycan sosio-mədəni mühitindən təcrid olunan, orta əsrlər “anklavı” təəssüratı bağışlayan Nardaranı zəbt edən terrorçular, ekstremistlər zərərsizləşdirilib, digərləri də müəyyən edilərək, onlara qarşı qanuna uyğun olaraq tədbirlər görülür.
Nardaranda indiyə qədər Azərbaycana xas olmayan qara bayraqlar, müxtəlif səpkili şüarlar yığışdırılıb, qəsəbədə Azərbaycanın dövlət bayrağı asılıb.
Kənd tədricən normal həyata qayıdır.
Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni –sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır.
Artıq xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılmaq davam ediləcək.
Görülən tədbirləri Gün.Az-a şərh edən millət vəkili Jalə Əliyeva Azərbaycan regionlarının, o cümlədən, kənd və qəsəbələrimizin sosial-iqtisadi inkişafı, sosial-mədəni infrastrukturun yenilənməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində, prioritet istiqamətlərdən olduğunu qeyd edib.
O vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin 12 illik hakimiyyəti dövründə də bu yöndə dövlət proqramları qəbul edilib və onlar uğurla icra olunub.
“Bu gün isə bu yöndə daha bir adım atıldı. Prezidentin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrıldı. Bu, olduqca müsbət və təqdirəlayiq hadisədir”, - J.Əliyeva deyib.
O qeyd edib ki, bu qəsəbə neçə illər idi ki, özünü bir növ Azərbaycandan təcrid etmişdi, öz “qanunları” ilə yaşayırdı.
“Heç şübhəsiz ki, burada da məlum hadisələr, faktorlar öz rolunu oynamışdı. Yəni, bu qəsəbinin sadə insanlarının dini inanclarından sui-istifadə etməyə çalışan radikal-ekstremist yönümlü dairələr təəssüflər olsun ki, uzun müddət burada kök salmış, həm Nardaran və nardaranlılar, həm də bütövlükdə Azərbaycan dövlətçiliyi üçün ciddi problemlər yaratmışdı”.
Millət vəkili bəyan edib ki, bu belə davam edə, yəni, həmin məkrli dairələrin oyunbazlıqları, fitnəkarlıqları sonsuzadək davam edə bilməzdi və bilmədi də.
“Azərbaycan dövləti, hakimiyyət strukturları, hüquq-mühafizə orqanları Azərbaycan dövlətçiliyini təhdid etməyə, ölkənin Konstitusion quruluşunu dəyişməyə çalışan qüvvələrə qarşı öz gücünü, sərt üzünü göstərdi.
Bir daha sübut olundu ki, heç bir qüvvə Azərbaycan dövləti və dövlətçiliyi ilə oyun oynaya, zarafat edə bilməz. Azərbaycan dövlətçiliyinə qarşı bütün məkrli cəhdlər, təhdidlər yolverilməzdir və daim də onların qarşısı qətiyyətlə, alınacaq”.
Millət vəkili hesab edir ki, belə bir sərəncamın verilməsi də Azərbaycan dövlətinin öz vətəndaşlarına necə diqqət və qayğı ilə yanaşdığının növbəti, əyani sübutu oldu.
"Azərbaycan dövləti və hakimiyyəti üçün hər bir bölgəmiz əzizdir və doğmadır, burada hansısa ayrıseçkilikdən söhbət belə gedə bilməz.
Hesab edirəm ki, qısa bir zaman ərzində də Nardaranda canlanma baş verəcək, tikinti, abadlıq, quruculuq işləri daha sürətlənəcək və digər bölgələrimiz, qəsəbələrimiz kimi Nardaran da Azərbaycanın ən gözəl, ən abad qəsəbələrindən birinə çevriləcək”.
Qeyd edək ki, dövlət Nardarana təkcə maliyyə vəsaiti ayırmaqla kifayətlənməyib. Sosial problemlərin həlli istiqamətində də addımlar atılıb. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub.
Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyulub.