Türkiyədəki səfirliyindən verilən məlumata görə, TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbirin əvvəlində görkəmli şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, səfir Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Milli Məclisin üzvü, Azərbaycan Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər natiqlər Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər.
Çıxışlar əsnasında, Bəxtiyar Vahabzadənin şeir sənəti və fikirlərinin bütün Türk dünyasında dərin iz qoyduğu, xalqımızın azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı əhəmiyyətli rolu, 60-a yaxın ölkədə 200-ə yaxın kitabı çap edildiyi və dünyada ən çox oxunan ədəbiyyatçılar sırasında olduğu vurğulanıb.
Mərasim çərçivəsində Bəxtiyar Vahabzadənin ədəbi yolunun kitab nümunələrindən qurulmuş sərginin açılışı olub. Həmçinin, mərasimdə görkəmli şairin adını daşıyan orta məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndiriblər.
Xalq artisti Mələkxanıım Əyyubova, eləcə də Azərbaycan və Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.