Xarici İşlər Nazirliyi Rusiyanın “Lifenews” telekanalında Azərbaycanın xəritəsinin təhrif olunduğu videosüjetə etiraz olaraq bəyanat yayıb.
ERtv.Az xəbər verir ki, bəyanatda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunan material qəti şəkildə pislənilir.
“Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi məsələ ilə əlaqədar lazımı tədbirlər görəcək. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir.
Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır. "Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir”.
Qeyd edək ki, dekabrın 5-də "Lifenews"da efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif edilib. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə göstərilməyib.
Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.