Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus əsgərinin davranışı ilə əlaqədar Rusiyaya etirazını bildirib.
ERtv.Az “Habertürk”ə istinadən xəbər verir ki, Rusiyaya məxsus “Sezar Kunikov” hərbi gəmisinin ötən gün İstanbul boğazından keçən zaman göyərtədəki rus əsgərin çiynində gəzdirilən zenith-raket kompleksi ilə dayanması Ankaranı qəzəbləndirib.
Bu hadisəyə rəsmi münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin mövqeyini sərt şəkildə ifadə edib:
“Hər şeydən əvvəl Rusiya gəmisinin boğazdan bu şəkildə keçməsi, bir əsgərin çiynində raketlə dayanması normal hal deyil. Bu günə qədər belə şey olmayıb. Bunun provokasiya olduğu dəqiqdir”.
M.Çavuşoğlu əlavə edib ki, Türkiyə 1936-ci ildə imzalanan və boğazlardan keçidləri tənzimləyən Montre Konvensiyasına tam riayət edir:
“Montre Konvensiyasının tələbləri məlumdur. Biz bu günə qədər Konvensiyaya riayər etmişik. Sadəcə, Rusiyanın deyil, başqa ölkələrin gəmilərinə münasibətdə də Konvensiyanın tələblərini gözləmişik.
Saxlanılması lazım olan gəmilərlə bağlı da yenə Konvensiyanın tələbləri əsasında davrandıq”.