AZƏRTAC-a istinadən xəbərinə görə, ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkin paytaxtımızda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ukrayna Prezidenti Pyotr Poroşenkonun məktubunu dövlətimizin başçısına çatdıran Boris Lojkin ölkələrimiz arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.
Prezident İlham Əliyev Ukrayna Prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələrimiz arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra İlham Əliyev Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.
Dövlətimizin başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğuladı.