Şahin Mustafayev Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozolanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Ş. Mustafayev Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, hazırda da Azərbaycanda 30-dan artıq Latviya şirkəti fəaliyyət göstərir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT, turizm, əczaçılıq, tranzit yükdaşımaları, ticarət, qeyri-neft sektoruna investisiya qoyuluşu, Latviya şirkətlərinin ölkəmizdə yaradılan sənaye, aqrar parklarda iştirakı, birgə müəssisələrin yaradılması sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Dana Reizniece-Ozola isə Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Latviya iqtisadiyyatına dair məlumat verən Reiznietse-Ozola ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, tikinti və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak edib.
Biznes forumda çıxış edən Ş. Mustafayev ölkəmizdə qeyri-neft sektorunun prioritetliyini, ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsinin qeyri-neft sektorunda formalaşdığını vurğulayıb.
O, həmçinin, Azərbaycanın Latviya ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, latviyalı iş adamlarını sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib.