Bu hadisədə Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirmək kimi bir məqsədimiz olmayıb.
Gün.Az milliyet.com.tr-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd DavudoğluƏdalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxış edərkən deyib.
Baş nazir Rusiya hərbi təyyarəsinin bütün xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu təkrarlayıb:
“Təhlükələrə cavab qaydaları Rusiya hakimiyyət orqanlarına bütün açıqlığı ilə bir neçə dəfə izah edilib. Pozulan hava sahəsi eyni zamanda NATO hava sahəsidir.
Rusiyaya hadisə barədə ətraflı məlumatlar verdik. Gərginliyi artırmamaq üçün bütün tərəflər səy göstərməlidir.
Türkiyənin öz hava məkanına sahib çıxması ən təbii haqqıdır. Ölkəmizin təhlükəsizliyi üçün nə lazımdırsa, ediləcək”.
Ə. Davudoğlu Suriyada türkmənlərin yaşadığı Bayırbucaq bölgəsinin şiddətli hücumlara məruz qaldığını söyləyib:
“Suriya rejiminin necə vəhşicə davrandığı ortadadır. Bayırbucaq bölgəsində bir nəfər də “İŞİD” üzvü və terrorçu yoxdur. Kimsə Bayırbucaq bölgəsinə hücumları “İŞİD” bəhanəsi ilə legitim göstərə bilməz.
“İŞİD”ə hücum edirik deyə Bayırbucağın məsum insanlarına hücumlar edilməsinə göz yuma bilmərik”.