Şahin Mustafayev: “Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir”
20 noyabr, 2015 17:21
Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin genişləndiyini, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib.
ABŞ nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir.
Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur:
“Hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 5% artıb.
İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanlı gənclər ABŞ universitetlərində təhsil alırlar".
Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Ş. Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, eləcə də sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Maykl Lalli isə ABŞ ticarət missiyasının Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədini daşıdığını, səfər çərçivəsində iş adamları arasında keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Vurğulanıb ki, iş adamları ilə keçirilmiş görüşlər zamanı sahibkarlar Azərbaycan Prezidentinin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər.