Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılacaq
12 noyabr, 2015 17:09
Burada istənilən insan özünü itirə və ya tapa bilər. Real olmayan bu yer ilham mənbəyi kimi də çıxış edəcək. Rəssamın əsərlərində insan duyğuları öz əksini tapıb.
Azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri "VITA VITALE" qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır.
Aida Mahmudovanın "Recycled" kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri "Here Today" (Old Sorting Office, London), "Sevir-sevmir" ("Love Me, Love Me Not", 55-ci Venesiya Biennalesi), "Bakıya uçuş" ("Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma), "Birləşən körpülər" ("Merging Bridges", Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.
Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT "Odla suyun birliyi" ("The Union of Fire and Water") layihəsini təqdim edib. Bu il mayın 28-də rəssamın Nyu-Yorkda "Ötüb keçərkən..." adlı sərgisi açılıb.
"Elysium" sərgisi dekabrın 13-dək davam edəcək.