Daşqın Şikarov Pakistan investorlarını Azərbaycana sərmayə qoymağa çağırıb
12 noyabr, 2015 16:40
Pakistandakı səfirliyindən verilən məlumata görə, müsahibədə Azərbaycan-Pakistan əlaqələri, iqtisadi əməkdaşlıq, investisiya mühiti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər mövzularla bağlı suallara cavab verilib.
İki ölkənin münasibətlərinin gələcəyinə dair danışan D.Şikarov bildirib ki, Pakistanın ölkəmizin müstəqilliyini tanıması da əlaqələrimiz kimi özünəməxsusluğu ilə fərqlənir.
Azərbaycanın iqtisadi inkişafı və xarici investisiya mühiti, habelə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə dair suallara cavabında D.Şikarov, ölkəmizin xarici investisiya üçün əlverişli şərait yaradan, liberal investisiya siyasəti yeritdiyini, tanınmış transmilli şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyini, fiziki və hüquqi şəxslərin qeydiyyatı və xarici valyuta dövriyyəsinə heç bir məhdudiyyət qoyulmadığını vurğulayıb, Pakistan investorlarını Azərbaycana sərmayə qoymağa çağırıb.
Səfir, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 10 ildə sürətli iqtisadi inkişafa nail olaraq regionun aparıcı iqtisadi güclərindən birinə çevrildiyini, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun inkişafına diqqəti cəmləşdirdiyini vurğulayıb.
O, Azərbaycanın eyni zamanda əsas nəqliyyat qovşağına çevrildiyini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə yüklərin Şərqdən Qərbə daşınmasının asanlaşması ilə yanaşı, Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini bildirib.
2015-ci ilin sentyabr ayının 30-dan etibarən İslamabad-Bakı birbaşa təyyarə reysinin həyata keçirilməsinin Azərbaycan-Pakistan siyasi və ticarət əlaqələrinin təkmilləşməsinə təsirini vurğulayan səfir, bu amilin həm ticarət əlaqələrinə, həm də iki ölkə xalqlarının rabitəsinə müsbət təsir edəcəyini söyləyib.