Hakimlərimiz avrokubokların qrup mərhələsinin matçını idarə edəcəklər
11 noyabr, 2015 16:45
Azərbaycan futbolunda daha bir ilk reallaşıb.
Məlumata görə, bu dəfə ilkə hansısa klubumuz deyil, hakimimiz imza atıb.
Söhbət Əliyar Ağayevdən gedir. 28 yaşlı FİFA referisi Azərbaycan hakimliyi tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oyun idarə edəcək.
Məlumatı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da təsdiqləyib. O bildirib ki, Ağayevin Çempionlar Liqası və ya Avropa Liqasına təyinat alacağı, lakin hansı oyun idarə edəcəyi hələlik bəlli deyil:
“Bəli, doğru məlumatdı. Bu, bizim üçün şad xəbər oldu. Açığı, biz bunu gözləyirdik. Bilirdik ki, gec-tez belə şey olacaq.
Çünki UEFA-nın Hakimlər Komitəsinin baş komissarı Pyerluici Kollina Ukraynada Əliyarı nümunə kimi göstərmişdi. UEFA-nın perspektivli saydığı, UEFA-nın bayrağı altında keçirilən oyunlarda yüksək qiymətlər alan gənc hakimlərə qrup görüşlərinə təyinat verilir.
Çempionlar Liqasında qrup mərhələsinin son görüşləri gələn ayın 8-9-da, Avropa Liqasının oyunları isə dekabrın 10-da keçiriləcək”.
Məmmədov əlavə edib ki, Ağayevin konkret hansı görüşə təyinat alacağı matçdan 3-4 gün əvvəl bilinəcək.