Bakının beynəlxalq brendi: Qız Qalası və Şirvanşahlar sarayı
11 noyabr, 2015 16:43
Hər hansı bir ölkəyə səyahətə hazırlaşarkən ilk olaraq "orada hansı maraqlı yerləri, tarixi abidələri görmək olar?" sualı yaranır.
Əminliklə demək olar ki, istənilən ölkəyə turist marağının səviyyəsi əsasən tarixi abidələrin sayının çoxluğundan asılıdır. Amma bununla belə, hər ölkədə, hər şəhərdə elə bir abidə, qüllə, saat, ümumiyyətlə, hər hansı bir tikili olur ki, o digərlərindən kəskin şəkildə fərqlənir və həmin ölkənin simvolu hesab olunur.
Romanı “Kolizey”siz, Parisi “Eyfel” qülləsiz, Nyu-Yorku “Azadlıq abidəsi”siz, Rio-De-Janeyronu “İsa heykəli”siz, Afinanı “Akropol”suz, İstanbulu “Ayasofya”sız, Londonu “Biq-Ben”siz təsəvvür etmədiyimiz kimi, Bakının da adı çəkiləndə bir sıra abidələr göz önünə gəlir.
Azərbaycanın paytaxtı qədim olduğu kimi, təbii ki, şəhərin bir sıra tarixi abidələri də çox qədimdir. Bakı və onun kəndlərində çoxlu sayda abidələr var ki, onların tarixi dəyərini qiymətləndirmək həddindən artıq çətindir. Amma əsrlər keçdikcə zaman öz təsirini qədim abidələrə də göstərir və nəticədə bu abidələrin bərpa zərurəti yaranır.
Azərbaycanın çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri hesab olunan tarixi abidələrə zaman-zaman dövlət səviyyəsində diqqət göstərilir.
Məhz bu səbəbdən də onların zamanın təsiri altında yararsız vəziyyətə düşməsinə imkan verilmir, bu qədim tarixi abidələrin restavrasiyası üçün lazımi işlər görülür.
"Bakcell" şirkətinin dəstəyi ilə reallaşdırdığımız "Restavrasiya olunmuş abidələr" layihəsi çərşivəsində hazırladığımız yazı da Bakının ərazisində yerləşən və bərpa edilən tarixi abidələr haqqındadır. Məhz restavrasiyadan sonra bu abidələr turistlərin daha çox marağını cəlb edir və ölkədə turizmin inkişafına təkan verir.
Abşeronun ən sirli memarlıq abidəsi: Qız Qalası
Bakının restavrasiya olunmuş abidələrindən danışanda ilk növbədə əsrlərdir paytaxtımızın ən əsas simvolu kimi tanınan Qız Qalasının adını çəkmək lazımdır.
Tikilmə tarixinə görə Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız Qalası ətrafında aparılan mübahisələr çox maralıqıdır.
Belə ki, qalanın tikilməsi tarixi barədə iddialar bir-birindən çox fərqlidir. Ən maraqlısı odur ki, zaman fərqi 3 min ilə yaxındır. Bəzi mənbələrə görə, qala Şumerlər dövründə tikilib, digər mənbələrə görə isə Qız Qalası XII əsrdə inşa edilib.
Qala divarları üzərindəki bir kitabədə ərəb dilində “Davudun oğlu Məsudun qülləsi” yazılması da mübahisələrə əlavə rəng qatıb. Belə ki, kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız Qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir.
Bundan başqa, qalanın X-XII əsrlərdə, birinci minilliyin ilk əsrlərində tikilməsinə dair iddialar da var.
Qalanın adına gəldikdə isə, burada əsas iki versiya üzərində dayanılır. Birinci versiyaya görə, qala Bakı xanı tərəfindən tikilib. Tikilini qızının şərəfinə Qız Qalası adlandırıb. Digər bir versiyaya görə, hökmdar bacısını (bəzi iddialara görə qızını) qalada saxlayırmış. Şahın zülmünə dözməyən qız özünü qaladan dənizə atıb...
Qız Qalasının hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülüb.
Qız qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də onun içərisində qayadan оvulub düzəldilmiş su quyusudur. Diamеtri 0,7 m оlan bu quyu qalanın cənub-şərq divarının içindədir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 m davam edir.
Su quyusunda qazıntı işləri aparılıb. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə оlunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olub ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunub, оnun içmək üçün tam yararlı оlması müəyyənləşdirilib.
Qala, yoxsa günəş sisteminin kiçik modeli?
Qeyd edək ki, özündə bir çox əfsanələri qoruyub saxlayan Qız Qalasında mistika axtaranlar və onu kosmosla əlaqələndirənlər də var. Köşə yazarı Gülnarə Rəfiq bu haqda yazısında Qız Qalasının Günəş sisteminin kiçik modeli olduğunu qeyd edir:
“Onun 9 pəncərəsi var, bu bizə məlum planetlərin sayına uyğundur. Pəncərələrin asimmetrikliyi göy cisimlərinin ziqzaqvari trayektoriyasını təsvir etməsiylə bağlıdır.
Ən böyük pəncərə ən böyük planet Yupiteri təmsil edir. 7-ci pəncərə isə T hərfi şəklindədir. Məlumdur ki, 7-ci planet olan Uran yanpörtü şəkildə fırlanır. Ona görə də başqa planetlərə nəzərən perpendikulyar pozadadır.
Qız qalasının ən üst mərtəbəsi göyün 7-ci qatını simvolizə edir. Qalanın hündürlüyü 28,7 metrdir. Bu Günəşdən Urana qədər olan məsafəni -28 700 milyon km.- simvolizə edir”.
G. Rəfiq iddia edir ki, Qız Qalası minilliklər sonra kəfş ediləcək astronomik bilikləri özündə cəmləşdirib: “Diqqət yetirilsə, batıq və çıxıntı şəklində görülmüş hissənin 31(30) zolaqlarını asanlıqla saymaq olar. Bu ayın günlərini də göstərə bilərdi. Dayaq divarının cənub və şərq tərəfindən zolaqlar sayılsa, onların 24 olduğunu görərik. Bu, sutkada saatların sayını da bildirə bilər. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsilləri, mərtəbələrə qalxan pillələrin 12 olması isə ilin aylarını göstərir”.
UNESKO tərəfindən qorunan abidə
Qeyd edək ki, Bakının ən müəmmalı və əzəmətli abidəsi olan Qız Qalası 2000-ci ildə UNESKO-nun Dünya Maddi İrs Siyahısına salınıb və bu qurum tərəfindən dünya əhəmiyyətli abidə kimi tanınır. 2011-ci ilin aprel ayından etibarən Qız Qalasının bərpası və konservasiyası işlərinə başlanılıb.
2013-cü ilin aprel ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qız Qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon manat pul ayrılıb. Elə həmin ilin dekabrında bərpa işləri başa çatdırılıb və Qız Qalası yerli və xarici turistlər üçün yenidən açılıb.
Qalanın hər mərtəbəsində texnoloji qurğular quraşdırılıb
Bərpadan sonra Qız Qalasının hər mərtəbəsində bura gələnlərin marağına səbəb olan müasir müzey standartlarına uyğun olaraq bir sıra texnoloji qurğular diqqəti çəkir. Qız Qalasının mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu, tikintisində məqsəd, təyinatı və sair məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunub.
Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Hər bir mərtəbədə ekspozisiyaya uyğun işıqlandırma sistemi quraşdırılıb. Burada Qız Qalasının müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda Qız Qalasının təyinatı barədə film nümayiş etdirilir.
Sərgilənən eksponatlar arasında Qız Qalasının özünəməxsus və bənzərsiz memarlığı geniş əksini tapıb. Burada orijinal maket qurulub. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl məlumat yerləşdirilib. Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı, dini və şəhərsalma mövzularına geniş yer verilib. Burada Qız Qalası haqqında əfsanələrlə də tanış olmaq mümkündür.
Nümayiş olunan ekspozisiyanın növbəti bölməsində Qız Qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir.
Buradakı stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər əksini tapıb.
Qalada uşaqların böyük marağına səbəb olacaq “İçərişəhərin müdafiəsi” adlı interaktiv oyun da təqdim edilir.
“Qədim məbəd” bölməsindəki heliodispley də orijinallığı ilə diqqəti cəlb edir. Ekspozisiyada Qız Qalasının qədim rəsədxana rolunu oynaması fərziyəsinə də geniş yer ayrılıb. Qız Qalasının ən üst qatına çıxış insanların rahatlığını və təhlükəsizliyini təmin etmək şərti ilə yenidən qurulub.
Qız Qalasının sirri artıq elektron kitabda
Qalada turistlərin diqqətini ən çox interaktiv kitab cəlb edir. Bu elektron kitabı vərəqlədikcə, hər bir səhifəsi maraqlı məlumatlarla zəngindir. Belə ki, burada həm Qız Qalası haqqında 1924-cü ildə çəkilən filmdən fraqmentlər, həm də bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletindən görüntülər canlanır.
Elçin Hani Axundov: “Qız Qalası rəvayətlərdə olduğu kimi, heç də dənizin ortasında olmayıb"
Hər bir şəhər, o şəhərin daşı, kəsəyi, küçəsi, dalanı, abidəsi həmin yerdə doğulub boya-başa çatmış insanlar üçün ata yurdu, baba ocağıdır. Odur ki, Qız Qalası barədə "köhnə bakılı" - animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovla söhbət etmək qərarına gəldik.
"Qız Qalasına o zaman yaşlı insanlar "Hunzar qalası" deyirdilər. Qız Qalası anlayışı ibadətgah olub. XI-XII əsrlərə qədər onun hündürlüyü 14 metr imiş. Bakı o zaman dəniz səviyyəsindən 14 metr aşağı olub. XII əsrə çatanda qalanın hündürlüyü 28 metrə çatıb.
O zamanlar Qız Qalası abservatoriya olub. Əvvəllər Qız Qalasında mərtəbələr yox idi. Mərtəbələri ötən əsrin 60-cı illərində tikdilər.
Əvvəllər orada yalnız yuxarı qalxan pilləkənlər vardı" – deyə, müsahibimiz qeyd edir.
E. H. Axundovun sözlərinə görə, Qız Qalası rəvayətlərdə olduğu kimi, heç də dənizin ortasında olmayıb: “Dəniz o zaman çox uzaqda olub. Onun ətrafında ibadət edirdilər və bunun nəticəsində infrastruktur yaranmağa başlayıb və Bakı şəhəri salınıb. Qız Qalası Bakının, İçərişəhərin ürəyidir və tarixidir.
Hazırda bələdçilər çox zaman səhv məlumat verirlər. Bir dəfə eşitdim ki, bir xanım bələdçi Qız Qalasına gələn turistlərə danışır ki, ata öz qızını almaq istəyirdi və ona görə də qız özünü qaladan atıb. Bu tamamilə yalan bir məlumatdır.
Bu yalanı 20-ci əsrin əvvəllərində hansısa erməni uydurub, hamıya yayıb. Qız Qalasının əsas mənası alınmayan, ələ keçməyən qala deməkdir.
Azərbaycan ərazisində çox belə qalalar var. Qondarma rəvayətlərdən əl çəkmək lazımdır. SSRİ zamanından fərqli olaraq, indiki dövrümüzdə istər Qız Qalasına, istərsə də İçərişəhərdə yerləşən Şirvanşahlar abidəsinə maraq daha çoxdur. İndi bu abidələr reklam edilir, təbliğ olunurlar”.
“Şirvanşahlar” saray olsaydı, orada insan dəfn etməzdilər"
Şirvanşahlar Saray Kompleksi barədə də danışan Elçin Hami Axundov deyir ki, bu abidə əvvəllər saray kimi tanınmayıb: "Şirvanşahlara saray adını Xruşov (Nikita Xruşov, Sovet İKP MK baş katibi) Bakıya gələndən sonra qoydular. Şəkidə Xan sarayı var.
Və bu sarayı da ondan fərqləndirmək üçün adına Şirvanşahlar sarayı dedilər. Bura qədimdə sufilərin ibadətgah yeri olub. Şirvanşahların bütün qohumları orada dəfn ediliblər. Əgər saray olsaydı, orada insan dəfn etməzdilər".
Yeri gəlmişkən, Bakının restavrasiya olunan qədim tarixi abidələrindən biri də elə Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılan Şirvanşahlar Saray Kompleksidir.
Bura Şirvanşahların (Şirvan hakimlərinin) Bakıda yerləşən köhnə iqamətgahı sayılır. Kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi, minarəsilə 1441-ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir. Saray XIII əsrdən XVI əsrə qədər müddətdə, XV əsrin əvvəllərində Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib.
Qeyd edək ki, orta əsr Şərq memarlığının nadir incilərindən biri olan Şirvanşahlar Saray Kompleksi 1964-cü ildə dövlət tarix-memarlıq qoruq-muzeyi elan edilib və dövlət mühafizəsinə götürülüb. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi sayılan Şirvanşahlar sarayının Bakının qala divarları ilə əhatə edilmiş tarixi hissəsi UNESKO-nun Dünya Maddi İrs Siyahısına daxil edilib.
Şirvanşahlar Saray Kompleksi: zəlzələdən yaranan abidə
Sarayın tikilmə tarixinə gəlincə, bu, Şamaxıda 1192-ci ildə baş verən dəhşətli zəlzələ ilə bağlıdır. Belə ki, Şirvanşah I Axsitan bu zəlzələdə arvadı İsmət əd-Dini, oğlu və vəliəhdi Mənuçöhrü və qızlarını itirir. Bu hadisədən sonra Axsitan iqamətgahını Şamaxıdan Bakıya köçürür.
Saray binasının hissələri eyni vaxtda tikilməyib. Ən köhnə tikili (böyük ehtimalla XIV əsrin sonlarına aid) mərkəzi hissədə (ikinci mərtəbənin səkkizbucaqlı zalı) yerləşir. Qərb fasadına bitişik hissə bir az sonra əlavə edilib. Qərb, şimal və şərq fasadının kiçik hissəsi yarımçıq düzbucaqlı dördbucaq əmələ gətirir; şərq fasadının qalan hissəsi və cənub fasadı iki üçüzlü fonardan təşkil edilib, onların arasındakı qırıq xətlər dörd düz bucaq əmələ gətirir.
Saray binası qurulduğu dövrdən bəri 52 otağı üç dar dolama pilləkənlə birləşdirir: ilk mərtəbə 27, ikinci mərtəbədə 25 otaq (hazırda ikinci mərtəbədə 16 otaq var) və ikinci mərtəbənin planlaşdırılması əsas etibarilə birinci mərtəbənin planını təkrar edir. Sarayın mərkəzi hissəsinin (ikinci mərtəbənin səkkizbucaqlı zalı, portalla bəzədilmiş giriş) daha qalın divarları var. Qərb fasadında yerləşən əsas giriş hündür portalla bəzədilib. Portalın pilləkəni günbəzlə örtülmüş, hündür səkkizbucaqlı təmtəraqlı zala aparır.
Güman edilir ki, bu zal qəbullar üçün istifadə edilib. Onun arxasında kiçik səkkizbucaqlı dəhliz yerləşir. Bu dəhliz zalı digər otaqlarla əlaqələndirir. Kənarlarda yarığabənzər dəliklər aşağı mərtəbə ilə əlaqəni təmin edir, harada ki, xidmət otaqları yerləşir. İkinci mərtəbənin zalları və otaqları daha təmtəraqlıdır. Burada pəncərələrindən Bakı körfəzinin mənzərəsi görünən cənub və şərq fasadları diqqət çəkir. İkinci mərtəbədə həmçinin şah və onun ailəsi üçün otaqlar var.
Sarayın böyük daş müstəvilərinin səthi rəng, en və faktura ilə, həmçinin kiçik işıq oyuqlarındakı daş qəfəslər - şəbəkə torları ilə xarakterizə edilən hörgü sıralarının növbələşməsi ilə formalaşıb.
Saray bağının şimal hissəsində yerləşən kiçik qapı yeri bağlı saray divanxanasına aparır. Bu tikili üç tərəfdən çatma arkada ilə əhatə edilib.
Divanxananın kompozisiya mərkəzində hündür stilobatda səkkizüzlü rotonda-pavilyon dayanır. Bu rotondanın zalı eyni orderin açıq arkadası ilə əhatə edilib. Azacıq sivri təpəsi olan elliptik örtük bayır tərəfdən yonulmuş daş günbəzlə qorunur. Rotondanın qərb fasadı arabeskalarla bəzədilmiş portalla fərqlənir (incə şəkildə modelləşdirilmiş stalaktitlər (və ya müqərnəslər) sisteminə əsaslanan kallenür yarımgünbəz çatma konxa). Portal stilobat üzərində yerləşən zalı sərdabə və xidmət otaqları ilə əlaqələndirən zala aparır.
Seyid Yəhya Bakuvinin qəbrinin yerləşdiyi saray
Saray həyətinin cənubunda, sarayın yaxınlığında XV əsrin ikinci yarısında tikilən və “Dərviş türbəsi” də adlandırılılan Seyid Yəhya türbəsi yerləşir. Burada I Xəlilullahın saray alimi olan, tibb, riyaziyyat və astrologiya ilə məşğul olan Seyid Yəhya Bakuvinin qəbri yerləşir. Türbənin korpusu səkkizbucaqlıdır, üst hissəsi isə piramid şəklindədir. Türbənin daxili dekorasiyası yeraltı sərdabədən ibarətdir. Burada Bakuvinin qəbri və onun üzərində də kamera yerləşir.
Sarayda aparılan təmir işlərinin vurduğu zərər
Qədim və əzəmətli Şirvanşahlar sarayında da zamanla bərpa-təmir işlərinə ehtiyac yaranıb. Bu sarayı Rusiya imperiyası dövründə hərbi nazirlik qismən təmir edib. Eyni zamanda, saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidənqurma işləri həyata keçirilib. Təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasıyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb olub.
Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıdıb və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tag qoyub. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdılaraq, düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edilib. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutulub ki, yalnız kiçik pəncərə qalıb. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açılıb.
Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Sarayda aparılan bu yenidənqurmalar nəticəsində rus hərbi nazirliyi tarixi abidəyə böyük ziyan vurub. Hərbi nazirlik sarayın şərq fasadına pilləkən əlavə edib, cənub (və ya aşağı) həyəti isə mağzalları olan daş divarla əhatə edilib. Bu divar sarayı əhatə edən köhnə divardan qalan fundamentdən qurulub.
Saray kompleksi hazırda XIX əsrin ilk yarısında tikilmiş qala divarları ilə əhatə edilib.
Sarayda Bakının tarixi mərkəzi İçərişəhərdə və Şirvan ərazisində arxeoloji qazıntılar zamanı tapılan müxtəlif məişət əşyaları, XII—XV əsrlərə aid sikkələr, XIX əsrlərə aid mis qab-qacaq, silah və bəzək-düzək əşyaları, XV əsrə aid musiqi alətləri sərgilənir. Həmçinin eksponatlar içində qadın kostyumları və əl işləri, XIX əsrə aid Şamaxı xalçaları və XVII əsrdə Bakıda tikilmiş xalça saxlanır. Zalın mərkəzində Bakının tarixi hissəsinin maketi yerləşdirilib.
Qeyd edək ki, restavrasiyadan sonra Bakının qədim tarixinin rəmzlərindən olan Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib. Artıq bir ildən çoxdur ki, Şirvanşahlar Sarayı qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayır.
Turistləri multimedia bələdçiləri qarşılayır
Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunub. Bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın “Arteks” şirkəti ilə birgə həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub.
Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalanırlar. “İpad Mini” bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkündür. Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan yaradır, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğurur. Muzeydə həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.
Təbii ki, Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasına və dünyada tanıdılmasına çalışmaq lazımdır. Məhz restavrasiya olunan maddi-mədəniyyət abidələrin təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində artıq dünyanın bir çox ölkələrindən turistlər Qız Qalasını, Şirvanşahlar Sarayını və digər tarixi abidələrimizi görmək üçün ölkəmizə təşrif buyururlar.
Ömər Eldarov: “Bu abidə haqqında dünyaya geniş informasiya yaymaq lazımdır”
Məşhur heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bizimlə söhbətində də qeyd etdi ki, tarixi abidələrimizi dünya miqyasında tanıtdırmaq üçün geniş təbliğat işlərinə ehtiyac var:
“Hazırda bu abidələrin turistlər arasında populyarlaşması üçün işlər aparılır. Götürək elə Qız Qalasını, bu abidənin çox maraqlı tarixçəsi var. Nəzəriyyəçilərin ehtimalına görə, Qız Qalasının gözətçi qalasından daha çox astronomiyaya aidiyyatı var. Bu qala görkəminə görə də unikaldır. Dünyada ikinci belə bir qala yoxdur. Bu abidə haqqında dünyaya geniş informasiya yaymaq lazımdır. Belə informasiya xarici turistlər arasında maraqla qarşılanır və istər-istəməz belə bir unikal qalanı görmək istəyi yaradır. Bundan başqa, Qız Qalası ətrafında maraqlı əfsanələr də var. Onları da təbliğ etməklə, Qız Qalası ətrafında çox maraqlı bir söhbətlər yaratmaq olar ki, bütün bunlar turistlərin ölkəyə cəlbedilməsi baxımından vacibdir”.
Qeyd edək ki, tarixi abidələrimizin dünyada təbliği istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də müntəzəm işlər görülür. Belə ki, 2015-ci ildə nazirlik İstanbuldakı “EMİTT”, Nyu-Yorkdakı “The New York Times Travel Show”, Madriddəki “Fitur”, Berlindəki “İTB Berlin”, Moskvadakı “MİTT”, Almatadakı “KİTF”, Dubaydakı “ATM”, Frankfurtdakı “İMEX”, Tokiodakı “JATA”, Parisdəki “Top Resa” beynəlxalq turizm sərgilərində iştirak edib və həmin sərgilərdə ölkəmizin turizm potensialını, mədəni irsini, tarixi abidələrini təbliğ edən reklam çap məhsulları iştirakçılara və ziyarətçilərə paylanıb.
İl ərzində bu abidələri ziyarət edən turistlərin sayı nə qədərdir?
Maraqlıdır, Qız Qalasının, Şirvanşahlar Sarayının restavrasiyasının, bu abidələrdə yeni texnologiyaların tətbiqinin, xarici ölkələrdə keçirilən təbliğat kampaniyalarının turistlərin ölkəyə cəlb olunmasına təsiri olubmu? Ümumiyyətlə, il ərzində adıçəkilən abidələri ziyarət edən turistlərin sayı nə qədərdir?
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, UNESСO‑nun Dünya Maddi İrs Siyahısında yer almış İçәrişәhәrin dünya әhәmiyyәtli abidәlәri – Qız Qalası vә Şirvanşahlar Sarayı Kompleksi hәr il minlәrlә yerli vә xarici qonağı qәbul edir.
2015-ci ilin 9 ayı ərzində Qız Qalasını 155.614 nəfər (2014-cü ilin eyni dövründə - 137.235), Şirvanşahlar Sarayı Kompleksini isә 73.455 nəfər (2014-cü ilin eyni dövründə - 63.154) qonaq ziyarәt edib.
2014-cü ilin nəticələrinə əsasən, Qız Qalasının ziyarətçilərinin sayında ötən illərə nisbətdə iki dəfəyə, Şirvanşahlar Sarayı Kompleksində isə 50%-ə qədər artım müşahidə edilib.
(Davamı var)
QEYD: Bu layihə "Bakcell" şirkətinin dəstəyi ilə reallaşdırılıb.