Amerikalı tələbələr Azərbaycan mətbəxinin nümunələrini hazırlayıb
10 noyabr, 2015 12:36
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə təşkil edilmiş tədbirdə kollecin kulinariya ixtisasının müəllim-tələbə kollektivi tərəfindən ölkəmizin milli mətbəxinə məxsus müxtəlif yemək və şirniyyat növləri hazırlanaraq qonaqlara təqdim olunub.
Tədbirdə əsasən, Los Anceles sakinləri, kulinariya tədqiqatçıları və müxtəlif icmaların nümayəndələri iştirak edib.
Azərbaycanın vitse-konsulu Rafiq Rüstəmov çıxışında qonaqları salamlayaraq, belə bir önəmli təşəbbüsə görə Harbor Kollecinin kollektivinə təşəkkürünü bildirib.
Həmçinin, Los Ancelesli jurnalist, Azərbaycan mədəniyyətinin dostlarından olan Nensi Pörlman (Nancy Pearlman) çıxış edərək, Azərbaycan mətbəxinin zənginliyi barədə öz təəssüratlarını bölüşüb, bu tədbirin əlamətdar mədəniyyət hadisəsi olduğunu vurğulayıb.
Sonra kollecin əməkdaşı, tanınmış kulinariya ustası Covanni Delrosaronun (Giovanni Delrosario) rəhbərliyi altında gənc aşpazlar tərəfindən Azərbaycan milli mətbəxindən 9 adda yemək və şirniyyatlardan ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.
Tədbirdə Los Ancelesdə yaşayan soydaşlarımızdan tar ifaçısı və vokalçı Vahid Bayat pianonun müşayiətilə Azərbaycan müsiqisindən əsərlər ifa edib və xalq mahnılarımızdan nümunələr səsləndirib.
Qonaqların böyük rəğbətlə qarşıladığı tədbirin sonunda kulinar C.Delrosarioya və onun tələbələrinə Baş Konsulluğun həvəsləndirici hədiyyələri təqdim olunub. Öz növbəsində, C.Delrosario çıxış edərək, bu tədbir vasitəsilə Azərbaycan mədəniyyəti və onun mətbəxilə yaxından tanış olmaq imkanı əldə etdiklərini, gələcəkdə Azərbaycan mətbəxinin daha dərindən öyrəniləməsinə çalışacaqlarını vurğulayıb.
Həmçinin, o, tədbirin uğurla keçirilməsində göstərilən dəstəyə görə Baş Konsulluğuna təşəkkürünü bildirib.