Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi bu gün “Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı.
Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentiİlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşdən sonra verdiyi bəyanatda deyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası vardır.
“Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları vardır.
“Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək”.
Yükdaşımalara toxunan Azərbaycan Prezidenti deyib ki, bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı Koordinasiya Şurası yaradılmışdır.
“Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər. Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif siyasəti apara bilərik. Bu, mümkündür.
Hesab edirəm ki, gələcəkdə yük göndərməsi mümkün olan ölkələrdə birgə təqdimat mərasimləri də keçirilə bilər. Bu gün dünyada yüklər uğrunda mübarizə gedir. Əsas məsələ ondan ibarətdir ki, bu, sağlam mübarizə, sağlam rəqabət olsun. Əgər belə olarsa, onda Gürcüstanın və Azərbaycanın təklif etdiyi tranzit imkanları əlbəttə ki, üstünlük təşkil edəcək”.