Nicat Feyzullayevin xatirə gecəsi keçiriləcək
02 noyabr, 2015 17:42
Fonddan Gün.Az-a bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş olunacaq.
Sənət dostlarının xatirələri dinlənəcək.
Qeyd edək ki, Nicat Feyzullayev 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları, əməkdar incəsənət xadimləri Lətif Feyzullayevin və Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb.
Nicat Feyzullayev özü də müxtəlif rəsm əsərlərinin müəllifidir. O, 1964-cü ildə Musiqi məktəbini, 1969-cu ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib.
1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor asistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub.
1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işidir.
Bundan sonra o, bir-birinin ardınca “Yeni evlənənlər” (1983), “Yaşa, qızıl balıq” (1988), “Küçələrə su səpmişəm” (2004) filmlərinə quruluş verib.
“Azərbaycanın memarlıq abidələri” (1976), “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982), “Məhəmməd Füzuli” (1989), “Qara qızılın qara üzü” (1990), “Baba zeytun diyarında” (1992), “Şirvanda izim qaldı” (1994), “Azərbaycan rəngkarlığının kraliçası” (2010), “Mozalan” satirik kino jurnalı üçün bir çox kinosüjetlər çəkib.
İstedadlı rejissor 2015-ci il mayın 4-də dünyasını dəyişib.