Neft Fonduna istinadən xəbər verir ki, 2015-ci ilin 9 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 492,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 479,5 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 8,4 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 7 828,3 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5 650,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 milyon manat vəsait ayrılıb.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 milyon manat vəsait ayrılmışdır.
16,8 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir.
“Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 489,3 milyon manat vəsait ayrılıb.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 20,2 milyon manat təşkil edib.
2015-ci il oktyabrın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub.