Sərnişinlərin Bakı avtobuslarında kart balansını artırmaq problemi
23 oktyabr, 2015 17:28
Problemin ən başlıcası kartın balansının artırılması üçün bütün dayanacaqlarda aparatın olmamasıdır.
Bununla bağlı Gün.Az-a müraciət edən sakinlərdən biri qeyd edib ki, bu yaxınlarda o, 2 nömrəli marşruta minmək istəyib. Amma kartında pul olmadığı aydınlaşdığı üçün avtobusa otura bilməyib.
“Mənim həmin zaman dayandığım yer "28 may" metrostansiyası ilə “Beşmərtəbə” dairəsi arasında olan Fizuli küçəsi idi. Düşündüm ki, dayanacaqda kartın balansını artıra bilərəm. Amma məlum oldu ki, bu heç də hər yerdə mümkün deyil. İşlə bağlı vacib tələsdiyim bir zaman həmin yolu piyada olaraq “Beşmərtəbə” dairəsinə qədər gəlməli oldum ki, burada kartın balansını artırım”, - deyə, sakin bildirib.
Digər bir tərəfdən, güman edək ki, kim isə avtobusdan daimi istifadə etmir və təsadüfi hallarda bu nəqliyyat növü ona lazım olur. Bəs belə olan hallarda həmin insanlar nə etməlidirlər? Hələ turistləri demirik. Onlar ölkəmizə bir həftəlik səyahət edərkən, niyə kart almalıdırlar ki?
Bu da haqlı olaraq sərnişinlərin etirazına səbəb olur. Çünki, əgər şəhərdə vahid kart sisteminə keçid olubsa, sərnişinlərin rahatlıqla kart alması və yükləməsini təmin etmək üçün bütün dayanacaqlarda hər cür şərait yaradılmalıdır.
Bundan başqa, belə avtobuslardan təsadüfi istifadə edənləri nəzərə alaraq, elə həmin kartın balansı artırmaq üçün nəzərdə tutulan yerlərdə bir istifadəlik biletlər də satılmalıdır.
Bu da aydındır ki, yaxın günlərdə və aylarda “Baku Bus” marşrutlarının sayı daha da çoxalacaq və paytaxtın bir çox məntəqəsinə sərnişin daşınacaq. Bu isə o deməkdir ki, qırmızı rəngli bu avtobuslar daha çox dayanacaqdan keçəcək. Əgər “Bakı Kart” aparatları həmin dayanacaqlarda quraşdırılmasa sərnişinlər daha çox problemlər yaşayacaq.
Qeyd edək ki, hazırda paytaxtda “Baku Bus” şirkətinin 7 marşrut xətti üzrə H1, 1, 2, 5, 6 və 8 nömrəli avotbusları sərnişin daşıyır.
Məlumat üçün bildirək ki, hazırda “Bakı Kart” almaq və balans yükləmək üçün “Baku Bus” tərəfindən 44 dayanacaqda və 46 mətbuat köşkündə aparatlar yerləşdirilib. Amma bu avtobusların istiqamətləri üzrə bütün dayanacaqlar tam əhatə edilməyib.
Məsələ ilə bağlı “Baku Bus” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən Gün.Az-a bildirildi ki, hazırda “Baku Bus” şirkəti tərəfindən sərnişinlərin ən çox istifadə etdiyi dayanacaqlara “Bakı Kart” aparatları qurşadırılıb. Əgər sərnişinlər tərəfindən müraciət çox olursa bu şirkət rəhbərliyi tərəfindən dəyərləndirilir və aparat olmayan dayanacaqlarda bu problem həll edilir.
Avtobuslarla bağlı sərnişinlərin digər şikayəti vaxtın göstərildiyi lövhələrin işləməməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, hazırda dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparılır:
“Avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Hazırda bununla bağlı test işləri aparılmaqdadır.
Sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcəkdir. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcəkdir”.