Digər millət vəkili Azay Quliyev büdcənin neftin qiymətinin kəskin azaldığı bir dövrdə hazırlandığını nəzərə çatdırıb:
“Belə iqtisadi böhran şəraitində müdafiə xərclərimiz nəinki azaldılmayıb, hətta 4,4 faiz artırılıb. O cümlədən əmək haqları, sosial təminatlar artırılıb”.
Parlamentin komitə sədri Eldar İbrahimov Naxçıvana ayrılan dotasiyanın ixtisara salınmamasını, bu mümkün olmadığı təqdirdə isə əvvəlki səviyyədə saxlanılmasını hökumətdən xahiş edib.
Millət vəkili Asim Mollazadə deyib ki, son on ildə büdcənin artdığının şahidi olsaq da, bu il azaldığını gördük:
“Sevindirici haldır ki, sosialyönümlü büdcə qorunub saxlanlıb. Mən xüsusilə müharibə əlilləri, veteranları, şəhid ailələrinə dövlətin diqqət və qayğısının artırılmasını təklif edirəm. Eyni zamanda, biz "ASAN Xidmət"dən sahibkarların müdafiəsi üçün istifadə etməliyik. Bu yolla məmur özbaşınalığının qarşısını ala bilərik. Peşəkarlar işləməsə, biz Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik. Ölkədə çox ciddi investisiya layihələri həyat keçirilib, biz bunun büdcədə əksini görməli idik, amma görmədik”.