“Arşın mal alan” Hollivudda nümayiş olunub
21 sentyabr, 2015 15:04
Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim edilib.
Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunub.
Filmin nümayişindən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, “Arşın mal alan” barədə məlumat verib.
Diplomat, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə də tamaşaçıları məlumatlandırıb. Baş konsul, Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” elan edildyini vurğulayıb. Həmçinin, Rəşid Behbudovun yaradıcılığı barədə danışan diplomat, unudulmaz sənətkarın gözəl ifasının və aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək önəm daşıdığını qeyd edib.
Sonra çıxış edən, Rəşid Behdbudovun qızı Rəşidə Rəşid “Arşın mal alan” filminin Los Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayiş olunmasının tarixi hadisə olduğunu vurğulayıb.
Nümayişdə Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib.