Yaxın gələcəkdə mərkəzə daxil olan müraciətlərin dərhal aidiyyatı qurumun zəng mərkəzinə yönləndirilməsi üçün sistem yaradılacaq. Bununla da, vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.
Gün.Az-a Mərkəzdən verilən xəbərə görə, son bir ilin statistikasına görə mərkəzə daxil olmuş zənglərin sayı 84 min 677–dir. Cəmi 4 aydır istifadəyə verilən onlayn konsultasiyaya olan müraciətlərin sayı isə 11 min 144-dən artıqdır. Bundan başqa zəng mərkəzinin [email protected] elektron poçtuna yazılmış 25 minədək, "skype" vasitəsilə isə 4 min müraciətə cavab verilib.
Zəng Mərkəzindən istifadə etməklə vətəndaşlar e-poçt və ya telefon vasitəsilə qeyd edilən xidmət növləri, tələb edilən sənədlər və sair barədə məlumat ala, mərkəzin fəaliyyəti ilə bağlı öz təkliflərini göndərə bilərlər. Stasionar telefonlardan birbaşa "157" nömrəsinə edilən zənglər, aparılan danışıqlar və göstərilən bütün xidmətlər ödənişsizdir.