Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığı genişləndirir
11 sentyabr, 2015 15:00
Çexiyadakı səfirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat və sənaye nazirinin müavini, komissiyanın həmsədri Sahil Babayev, Çexiya nümayəndə heyətinə isə sənaye və ticarət nazirinin müavini, komissiyanın həmsədri Vladimir Bartl rəhbərlik edib.
Tərəflər iki ölkə arasında hazırkı ticarət- iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və bu əlaqələrin davamlı inkişafının vacibliyinin Azərbaycan və Çexiyanın marağında olduğunu təsdiq ediblər.
Komissiyanın həmsədrləri həmçinin müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın gələcək perspektivlərini də müzakirə ediblər. Ölkələr arasında yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafında vacib rol oynadığı bildirilib.
Komissiyanın 3-cü iclasının yekununda Çexiya və Azərbaycan arasında protokol sənədi imzalanıb. Protokolda ölkələr arasında ticarət, investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, İKT və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları öz əksini tapıb, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dair Çexiya Respublikasının tam dəstəyi bir daha bəyan edilib.
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyətini Çexiyanın sənaye və ticarət naziri Yan Mladek qəbul edib. Görüş zamanı iki ölkənin iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri, habelə Avropa İttifaqı və Cənubi Qafqaz regionları arasında münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.