Musiqili Teatr da VII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək
10 sentyabr, 2015 12:46
Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il keçirilən bayram münasibətilə bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.
2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurur.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək növbəti - VII Beynəlxalq Musiqi Festivalında Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.
Festivalda həmçinin Dövlət Musiqili Teatr da iştirak edəcək.
Teatrın mətbuat xidmətindən Gün.Az-a verilən məlumata əsasən, festival tədbirləri çərçivəsində teatrının kollektivi sentyabrın 18-də Üzeyir Hacıbəylinin Fəxri Xiyabanda məzarını ziyarət edəcək. Habelə, həmin gün Musiqili Teatr Heydər Əliyev Sarayında baş tutacaq VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində çıxış edəcək.
Sentyabrın 19-da Musiqili Teatrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” 2 hissəli musiqili komediyası, 20-də saat 19.00-da isə dahi sənətkarın “Ər və arvad” operettası festival iştirakçılarına təqdim olunacaq. Hər iki tamaşa ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək.
Qeyd edək ki, “Musiqili Teatrın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası ilə qoyulub.
“Kollektiv böyük bəstəkarın anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının tədbirlərində tam səfərbər şəkildə fəaliyyət göstərəcək. Xüsusilə də nümayiş olunacaq səhnə əsərləri ilə Ü.Hacıbəyli ideallarının festival iştirakçılarına – xarici qonaqlara daha dolğun şəkildə çatdırılması üçün əlimizdən gələni edəcəyik” - deyə, teatrın direktoru Əliqismət Lalayev bildirib.