bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.
Prezident qeyd edib ki, neftin qiymətinin aşağı düşməsini, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar.
“Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalıydıq və bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə bu vəziyyətdən çıxaq.
Baxmayaraq ki, bu da təbiidir, bizim gəlirlərimiz böyük dərəcədə azalıb.
Dövlət başçısı vurğulayıb ki, xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, əlbəttə, 2016-cı ildə iqtisadi inkişafı təmin edək.
“Bu il iqtisadi inkişaf Azərbaycanda çox sürətlidir. 6 ayın yekunları deməyə əsas verir ki, biz çox yüksək nəticələrlə ili başa vuracağıq. ÜDM təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artıb. Qeyri-neft sənayesi 14 faiz artıb. Yəni bütün bunlar böhranlı ildə əldə edilən nailiyyətlərdir”.
İlham Əliyev qeyd edib ki, bu il “Fitch Ratings” agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib.
“Bizim “BBB-“ səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa xəbər kimi təqdim edilmişdi, halbuki bu, çox böyük hadisədir. İndi baxsınlar başqa ölkələrin kredit reytinqlərinə. Hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar: “Azərbaycanda neft hasilatı var, ona görə də Azərbaycan inkişaf edir”. Yaxşı, neft hasilatı Azərbaycanda artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Yenə də biz inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır”.
Prezident bəyan edib ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır.
“Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq.
İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.
Gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, ən əsas məsələlər orada öz həllini tapacaq. İlk növbədə qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək.
Azərbaycan vətəndaşları əmin ola bilər ki, burada heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb tikintisi, uşaq bağçalarının tikintisi, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.
Dövlət başçısı bildirib ki, bizim maliyyə vəziyyətimiz sabitdir.
“Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə, avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə, Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq”.