Klubun saytına istinadən xəbər verir ki, qırmızı-qaralar “transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında transfer edib.
“Xəzər Lənkəran”ın hücumçusu olan Vaqif Cavadovla 4 aylıq anlaşma əldə olunub. 26 yaşlı hücumçu “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində (2000-2007), “Qarabağ” (2007-2010, 2012-2013), Hollandiya “Tvente”sində (2010-2011) “Bakı” (2010-2011), Nijni-Novqorod “Volqa”sında (2011-2012), “İnter” (2013-2014), Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və “Boluspor” (2014-2015) klublarında oynayıb.
2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.
28 yaşlı Fakundo Abel Pereyra isə “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK (Yunanıstan) klubunun üzvüdür.
“Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.
“Qəbələ” bu iki hücumçudan başqa, heyətini 1 müdafiəçi ilə də gücləndirib. Son iki mövsümdə Bakının “İnter” klubunun formasını geyinən Derlis Meza Kolli bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.
O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarında çıxış edib.