Metroda bu kartdan istifadə olunacaq
06 avqust, 2015 13:49
“BakıKart” və “BakıKart Məhdud istifadə üçün" adlı bu kartlardan “BakuBus"MMC-yə məxsus avtobuslarda da gediş haqqı ödəmək üçün istifadə olunacaq.
Bu gün keçirilən kartların təqdimat mərasimində “Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyevbildirib ki, "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarda quraşdırılmış yeni terminallardan əldə etmək olar:
“"BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.
"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub”.
O qeyd edib ki, hər iki növ kart heç bir halda geri qaytarılmır.
Hazırda istifadə olunan kartlara gəldikdə isə o bildirib ki, avqustun 15-dək "Metrokart"ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq:
“Qeyd olunan tarixdən sonra bu mümkün olmayacaq. "Metrokart"ı "Bakıkart" ilə dəyişdirmək mümkün olmayacaq. "Metrokart"dan 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: "Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir”.
O qeyd edib ki, “Metrokart"ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər.
“"Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür.
“Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq”.