Hətta bildiyiniz kimi, bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
Gün.Az xəbər verir ki, digər dəyişikliyə görə, nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və İİV virusunun törətdiyi xəstəliyin (QİÇS) olduğunu qarşı tərəfdən gizlətdikdə, qarşı tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Bəs, hazırda vəziyyət necədir? Müayinələr aparılırmı? Nikah öncəsi tibbi arayışla bağlı müraciət edən cütlüklərə cavab nə dərəcədə operativ verilir?
“Təxminən 1,5 ay öncə qeydiyyatda olduğum rayonun mərkəzi xəstəxanasında nişanlımla nikahqabağı məcburi tibbi müayinə ilə bağlı müracitə etmişdim. Lakin müraciətimizdən 20 gündən artıq vaxt keçsə də, xəstəxanadan tibbi arayışın cavabını ala bilmirdik ki, VVAQ-a təqdim edək”.
Bu sözləri Gün.Az-a Ağsu rayon sakini Asif İsmayılov (ad və soyad şərtidir- red) deyib. O, bildirib ki, xəstəxanada problemi həmin mərkəzin 75 rayona cavabdeh olmaları ilə əlaqələndiriblər.
Şikayətçi məsələ ilə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdiyini əlavə edib.
“Nazirliyin qaynar xəttinə zəng etdim, üzərindən yarım saat keçməmiş, mənimlə əlaqə saxlayıb, artıq problemin çözüldüyünü bildirdilər” – deyə, həmsöhbətimiz bildirib.
Belə bir vəziyyətdən digər bir şikayətçi İsmayıllı rayon sakini Əliyev İntiqam (ad şərtidir) bildirib ki, qan analizinin cavablarını almaq müşkül məsələyə çevrilmişdi.
“Poliklinikada qan analizi verdik. 14 gün ərzində cavab verməli idilər. Nikah günü yaxınlaşırdı, amma cavab ala bilmirdik. Hər dəfə deyirdilər ki, qan bankından cavab gəlməyib. Məcbur olub, özümüz getdik qan bankına. Uzun süründürməçilikdən və dava-dalaşdan sonra nəhayət ki, onlardan cavab ala bildik”.
Şikayətçilərimizin problemi ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat sözçüsü Liya Bayramova bizimlə söhbətində indiyə kimi nazirliyə heç bir şikayətin daxil olmadığını dedi.
Əlavə etdi ki, nikaha daxil olan şəxslərdən qan analizlərini dövlət tibb müəssisələrində götürülür. İndiyə qədər isə heç bir rayon və şəhər mərkəzi xəstəxanası ilə bağlı şikayət və iradlar bildirilməyib:
“Konkret bu məsələyə gəlincə, bunun üçün şikayətçi şəxs bizə müraciət etməlidir. Biz də bununla bağlı sözügedən rayonun mərkəzi xəstəxanasında araşdrıma aparıb, ölçü götürməliyik.
Tibbi arayışın verilmə müddətinə gəlincə, bu, 15-21 gün arasında dəyişir. Bu müddət bitdikdən sonra müraciət edən şəxs şikayətçi olar bilər”.
Qeyd edək ki, nikahdan öncə sağlamlıq haqda arayışların istənilməsini nəzərdə tutan dəyişikliyin əsas səbəblərindən biri də talassemiya və hemofiliya kimi irsi-genetik xəstəliklərin geniş yayılmasıdır.
Ümumilikdə, Ailə Məcəlləsinə dəyişikliklər edilməsinin əsas məqsədi bir sıra irsi, genetik və cinsi yolla keçən xəstəliklərin qarşısının alınmasıdır.
Başqa sözlə, qarşıya qoyulan hədəf talassemiya və hemofiliya, immun çatışmazlığı, genetik yolla keçən psixi, ruhi və əsəb, infeksion dəri-zöhrəvi xəstəliklərinin qarşısını almaqdır.
Dəyişikliklərə görə, nikaha girmək istəyələr təxminən 6 virusla bağlı yoxlamadan keçməlidirlər. Bütün bu müayinələr isə pulsuz həyata keçirilməlidir.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Statistikaya görə, hazırda Azərbaycanda 20 minə qədər uşaq anadangəlmə əlilliyə görə müavinət alır. İldə 300-ə yaxın talassemiyalı, 200 hemofiliyalı uşaq dünyaya gəlir. Məlumatlara görə, indiyə qədər sözügüdən xəstəliklərin müalicəsinə 20 milyon manatdan çox maliyyə vəsaiti ayrılıb.
Yeri gəlmişkən, onu da əlavə edək ki, artıq bundan sonra nikah üçün tələb olunan tibbi arayışı “ASAN xidmət” mərkəzindən əldə etmək mümknü olacaq.
Artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.
Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər isə:
-Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
-Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.
Amma nəzərə almaq lazımdır ki, “ASAN xidmət”dən tibbi arayışı yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər ala biləcəklər.