Təcili pula olan tələbatını ödəmək üçün çıxılmaz vəziyyətdə qalan adamlar ətrafımızda kifayət qədərdir. İndiki zamanda tanışdan, qohumdan, qonum-qonşudan da əl borcu almaq müşkül məsələyə çevrilib. Kimi dindirsən, deyir ki, evdə artıq pulum nə gəzir?! Buna görə də borc pul axtarışında olanlar son ümid yeri kimi üz tuturlar banklara və ya bank olmayan kredit təşkilatlarına: kimisi pul götürüb evini təmir edir, kimisi maşın alır, kimisi səyahətə gedir, kimisi də dükan açır...
Bu il ölkədə kredit götürənlərin sayı 2 milyondan çoxdur
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin iyunun 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 434 min 759 nəfər kredit götürən şəxs (borc alan) var. Bu isə ümumi əhalinin 27%-ni təşkil edir.
Azərbaycan Mərkəzi Bankının son yaydığı statistik məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 401 min 814 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək, istehlakçılardır. Bundan əlavə, 10 min 979 nəfər hüquqi şəxslər, 21 min 966 nəfər isə sahibkarlıq subyektləridir.
Son 1 ildə verilmiş kreditlərin orta məbləği 40 524 manatdır. 2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanda 47 milyon manat məbləğində ipoteka krediti verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, 5,7 milyon manat və ya 10,8% azdır. Kreditlərin orta illik faiz dərəcəsi 6,74%, kreditlərə görə aylıq ödəniş məbləği isə 0,3 manat azalaraq, 297,3 manat təşkil edib. Kreditlərin orta müddəti 279 aydır.
Qızılını ver, pulunu apar
Amma banklardan kredit götürmək heç də asan iş deyil. Mərkəzi Bankın qərarına əsasən, bunun üçün mütləq daimi iş yerin olmalıdır. Banklar krediti iş yerini təsdiq edən arayışın müqabilində verirlər. Zəruri olduğu halda isə zamin tələb edirlər. Təkcə müştərinin bankda depoziti olduqda, bu depozit əsasında kredit arayışsız və zaminsiz verilir. Bu səbəbdən də arayışsız və zaminsiz kredit əldə etmək üçün iki çıxış yolu qalır: bunlardan biri depozit əsaslı kreditlər, digəri isə lombard kreditləridir.
Təxminən bir həftə bundan öncəyə qədər Azərbaycanda fəaliyyət göstərən bir çox banklar lombard krediti təqdim edirdilər. Hazırda isə banklarda lombard kreditinin verilməsi müvəqqəti olaraq dayandırılıb. Bir neçə bankla əlaqə saxladıqda öyrəndik ki, lombard krediti yalnız biznes krediti götürən şəxslərə təqdim olunur. Fiziki şəxslər isə hələlik lombard krediti əldə edə bilməzlər.
Qeyd edək ki, lombard krediti üçün müraciət edənlər təklif olunan faizlərin nisbətən yüksək olmasından gileylənirlər. Faizləri ödəyə bilmədikləri üçün də bəzən girov kimi qoyduqları qızıl-zinət əşyaları dəyər-dəyməzinə müsadirə olunur.
Lombard krediti nədir?
Lombard sözü İtaliyanın Lombardiya vilayətindən götürülüb. Lombard - vətəndaşlara daşınar əmlakı girov qoymaqla qısa müddətlik pul krediti verən xüsusi kommersiya təşkilatıdır. Lombardın əsas fəaliyyəti vətəndaşlara qiymətli metal, məişət avadanlığı, avtonəqliyyat qarşılığında borca pul verməkdir. Əşyaların qiymətləndirilməsi hər iki tərəfin razılığı ilə aparılır. Müqavilə bağlanan zaman əmlakın sahibinə (borc alan) lazim olan məbləğ verilir. Borc alan şəxs banka verdiyi qiymətli əşyanı yalnız müqavilədə qeyd olunan müddət bitdikdən sonra götürə bilər. Lombarddan borc pul götürən şəxs müqaviləyə əsasən, hər ay borcunun üstünə gələn faizi mütləq ödəməlidir. Yəni, əsas məbləği ödəməsə də olar, əsas odur faizi vaxtı vaxtında ödəyəsən. Lombarddan vaxtında alınmayan əşya hərraca çıxarılaraq satılır.
Əmlak ilə təmin kreditlərin verilməsi ilk dəfə XV əsrdə Fransada Lombardiyadan olan sələmçilər tərəfindən yaradılıb. Kilsə kasıbları əsarət altına almaq üçün əmlakın girov qoyulması ideyasını irəli sürüb. İlk bələdiyyə lombardları XVI əsrdə Almaniyanın Nürnberq şəhərində, sonralar isə başqa şəhərlərdə də yaradılıb. XVII-XVIII əsrlərdə bələdiyyə lombardları "sosial dəstək orqanları" rolunu oynayıb. Bu lombardlar vətəndaşları müflis olmaqdan xilas edib, əhalini oğurluqla pul qazanmaq yolundan çəkindirib.
XIX əsrdə bəzi ölkələrdə “ayaqqabı lombard”ları fəaliyyət göstərib. İşçilər ən yaxşı ayaqqabılarını bazar ertəsindən cümə gününədək lombarda verirmiş. Həftə sonu ayaqqabıları ilə bərabər pul da götürürlərmiş.
Artıq uzun illərdir ki, Azərbaycanda da lombard kreditləri mövcuddur. Həm ölkədə fəaliyyət göstərən müxtəlif banklar, həm də kommersiya təşkilatları əhaliyə qiymətli əşyaların girovunun müqabilində pul krediti təklif edirlər. Bəs bu növ pul krediti əhalini qane edirmi?
"Qızılın qramını 19 manatdan hesabladılar"
Həmsöhbətimiz Nailə Xanməmmədova deyir ki, 2014-cü ilin dekabr ayında ölkədəki iri bankların birinin təqdim etdiyi lombard kreditindən yararlanıb. Daimi iş yeri olmadığı üçün ilk baxışda bu kredit növü ona çox əlverişli görünüb. Nə iş yerindən arayış tələb olunub, nə də ki, uzun müddət sənəd yığmağına ehtiyac olub:
“Qızımın cehizləri üçün pul çatmırdı. Bir tanışım məsləhət gördü ki, lombarddan pul götürüm. Zamin axtarmağa ehtiyac yoxdur, iş yerindən sənəd də tələb olunmur. Amma adi lombardlardan istəmədim. Çünki onlara etibar etmirəm. Qızılı dəyişdirirlər, ya da zədələyirlər. Çox fırıldaqlar gəlirlər camaata. Təxminən aylıq 5-10 faizlə kredit verirlər. Bu illik hesablananda 60 faizdən çox edir. Ona görə də banka müraciət etdim. Məndən şəxsiyyət vəsiqəmi və girov qoymaq üçün qızıl istədilər. 12 ay müddətinə 1300 dollar pul götürdüm, əvəzində 60 qr qızıl verdim".
Həmsöhbətim deyir ki, girov qoyduğu qızılı elə həmin bankın zərgər əməkdaşı qiymətləndirib: "Mənə dedilər ki, həftənin ikinci günü müraciət edim. Çünki zərgər həftədə bir dəfə - ikinci günlər banka gəlir və lombard krediti götürənlərin təqdim etdiyi qızılları qiymətləndirir. Getdim, zərgər qızıllarımın qramını hesabladı və ona uyğun mənə pul krediti ayrıldı".
Amma müsahibimi narazı salan məsələ qızılın qramının həddindən artıq ucuz hesablanması olub: "Qızılın bir qramı 40 manat idi. Amma bank qızılın qramını məndən 19 manata hesablayıb, götürdü. Üstəlik, mənə əvvəldən demişdilər ki, hər ay ancaq faizi ödəyəcəyəm. Əsas məbləği isə 12 ay ərzində istədiyim zaman ödəyə bilərəm. Amma bankdan tələb etdilər ki, hər ay faizlə bərabər, əsas məbləğdən də müəyyən qədər ödəyim. Bu da ki, mənə heç sərf eləmir. Faiz də çox çıxır. Bankdan adi pul krediti götürmək lombard kreditindən daha sərfəlidi".
Hansı daha etibarlıdır: banklar, yoxsa kredit təşkilatları?
Araşdırmamız nəticəsində məlum oldu ki, bankların və bank olmayan kredit təşkilatlarının əhaliyə təklif etdiyi lombard kreditlərinin, fiziki şəxslərin insanlara təklif etdiyi lombardlardan bir sıra fərqli xüsusiyyətləri vardır.
Ölkədə fəaliyyət göstərən banklardan birindən əldə etdiyimiz məlumata görə, hər bankın özünün müvafiq qaydaları var və təqdim etdikləri kreditləri də bu şərtlərə əsasən ayırırlar. Yəni bir bankdan lombard kreditini təqdim etdiyiniz qızılın 50%-də, digər bir bankdan isə 110% həcmində əldə etmək mümkündür. Banklar çox vaxt təkrar müştərilərə qızılın öz qiymətində və yaxud 100-110% həcmində kreditlər ayırırlar. Bankdan qızıl zinət əşyası ilə pul götürülən zaman aylıq faiz digər kredit məhsulları üzrə təqdim olunan kreditlərin faizlərindən az olur.
Məsələn, əgər siz bankın istehlak krediti üzrə 22%-36% ödəyirdinizsə, bu zaman sizin ödəyəcəyiniz 40% belə ola bilər. Lakin komissiya haqqlarına nəzər yetirsək, digər kreditlərin komissiya haqqları ilə müqayisədə fərq olduğunu görə bilərik. Belə ki, bankların təqdim etdikləri kredit məhsulları üzrə komissiya haqqları 2-8.6% arasında dəyişə bilər. Lombard kreditlərində isə bu faizlər nisbətən aşağıdır.
Lombardda işləyən zərgər bizimlə söhbətində bildirdi, faizlər 4-7% arasında dəyişsə də, əslində heç kim 4%-lə pul vermir, əksəriyyət 5%-dən başlayır. Brilyant qoyanda, lap az məbləğləri və ya uzunmüddətli borcları 3%-lə verirlər. Amma əksər lombard sahiblərinin təklifləri 4%-dən başlayır.
İqtisadçı-ekspert Samir Əliyev: "Lombardda faiz dərəcəsi banklardan ən azı iki dəfə çoxdur"
İqtisadçı-ekspert Samir Əliyev bizimlə söhbətində bildirdi ki, Mərkəzi Bankın göstərişi ilə bankların təqdim etdiyi lombard kreditlərinin verilişi dayandırılıb. Təxminən bir həftə olar ki, banklar tərəfindən artıq əhaliyə belə bir xidmət göstərilmir.
Onun sözlərinə görə, Azərbaycanda lombardlara tələbat təxminən ötən ilin əvvəlindən başlayıb:
"Mərkəzi Bank 2014-cü ilin fevral ayında banklara göstəriş verdi ki, iş yerindən arayış, yəni maliyyə vəziyyətini təsdiq edən sənəd olmadıqda, heç bir şəxsə kredit verilə bilməz. Mərkəzi Bankın bu addımından sonra lombardlara tələbat artdı. Azərbaycanda böyük həcmdə müştərilər var ki, onlar işləyirlər, amma qazanclarını sübut edən bir sənəd yoxdur. Məsələn, biri ustadır, digəri ticarətlə məşğul olur. Onlar işçi kimi heç yerdə qeydiyyatda olmadıqları üçün banka arayış təqdim edə bilmirlər. Bizim hesablamamıza görə, 20-30 faiz bankların müştəri kontingenti var ki, onlar bank xidmətlərindən kənar qaldıqları üçün üz tutdular lombardlara".
Samir Əliyevin sözlərinə görə, lombardlarda pulun götürülmə sistemi girova əsaslanır. Girov qismində əsasən zinət əşyaları qoyulur. Qısa müddətdə müştəri istədiyi pulu götürür:
"Məhz bu səbəbdən də lombardların sayı 2 dəfə artdı. Lombardın bankdan əsas üstünlüyü odur ki, vəsaiti operativ şəkildə, 1 və ya 2 saat ərzində əldə etmək olur. Banklarda isə bu müddət 2-3 gün davam edə bilər".
İqtisadçı-ekspertlə söhbətimizdən belə aydın oldu ki, lombarddan kredit götürmək daha asandır. Müştəri heç bir əziyyət çəkmədən istədiyi pulu tez bir zamanda əldə edə bilir. Yetər ki, evində çoxlu qızılı olsun.
Bəs bankdan lombard krediti götürən Nailə xanımın giley-güzarının bir əsası varmı? Doğurdanmı, lombard krediti zamanı faizlər həddindən artıq çox hesablanır?
S. Əliyevin sözlərinə görə, xanım müştərinin gileylənməyə əsası var. Belə ki, lombard kreditinin faiz dərəcəsi bankların təqdim etdiyi kreditin faiz dərəcəsindən ən azı iki dəfə çoxdur:
"Tutaq ki, bankların təqdim etdiyi kreditin aylıq faiz dərəcəsi 2,5-3 faizdirsə, lombardlarda bu, 5-6 faizdən başlayır. Girov qoyulan əmlakın qiymətləndirilməsi məsələsinə gəlincə, bu şəxs müstəqil tərəf olmalıdır, nə lombardın, nə də müştərinin maraqlarını güdməməlidir, real qiymət təyin etməlidir. Amma bir qayda olaraq girova qiyməti lombarda yaxın adam qoyur. El arasında buna "lom" qiymətinə qiymətləndirmək deyilir. Yəni, girov xammal şəklində qızıl kimi, dəyərindən aşağı qiymətləndirilir".
İqtisadçı-ekspertin sözlərinə görə, lombardların mənfi cəhətləri bununla bitmir. Problemlərdən biri də qoyulan əmanətin bütöv qaytarılmamasıdır. Bir çox hallarda qeyri-etik davranış və ya digər səbəbdən lombardda saxlanılan qızıl məmulatları zədələnir. Müştəriləri narahat edən ən böyük məsələ isə lombardların tez-tez ünvanlarını dəyişməsidir:
"Belə hallar olub ki, müştəri lombardı həmin ünvanda tapmayıb, girovu götürə bilməyib. Bu problemləri yaradan səbəb ilk növbədə qanunvericilikdən doğur. Çünki hazırda Azərbaycanda lombardların fəaliyyətini tənzimləyən qanun yoxdur. İstər maliyyə institutları, istər banklar, istər qeyri-bank kredit təşkilatları Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Amma lombardlara lisenziya tələb olunmur. İstənilən şəxs müəyyən qanunvericiliyə uyğun olaraq lombard yaradıb bu fəaliyyətlə məşğul ola bilər. Lombardların fəaliyyətinə heç bir qurum tərəfindən nəzarət yoxdur. Mülki Məcəllədə sadəcə göstərilir ki, lombard fəaliyyəti mövcuddur. Yəni bu sahədə böyük qanun boşluğu var. Qanunun olmaması müştərilərin əleyhinə işləyir".
Nailə xanımın aylıq ödənişlə bağlı narazılığına gəlincə, Samir Əliyev bildirdi ki, bankdan kredit götürülən zaman müştəri hər ay həm pulun faizini, həm də əsas qalığı ödəyir. Lombarddan kredit götürüləndə isə hər ay ancaq faiz ödənilir. Əsas qalıq pul isə kredit müddəti bitənədək ödənilə bilər.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi” haqqında 20. 04. 1998-ci ildə qəbul olunmuş qərarı olsa da, bu qərar artıq qüvvədən düşüb. Həqiqətən də hazırda lombardlara nəzarət edən hər hansı bir qurum, ya orqan yoxdur.
Lombardlarla bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və lisenziyanı Maliyyə Nazirliyi verir. Mülki Məcəlləsinin 302-ci maddəsində bildirilir ki,
- Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər;
- Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir;
- Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur;
- Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır;
- Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir;
- Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir.
391 vergi ödəyicisi qeydiyyatdan keçib
Vergilər Nazirliyinin statistik məlumatına görə, Azərbaycanda lomdard fəaliyyəti ilə məşğul olan 391 vergi ödəyicisi qeydiyyatdan keçib. Amma lombardlarla bağlı qanun boşluğu olduğu üçün bu fəaliyyətlə məşğul olan şəxslər bəzən müştərilərin hüquqlarını pozurlar. Bəs hüququ pozulan müştəri hüquqlarını necə bərpa edə bilər?
Hüquqşünas Əkrəm Həsənov: "Lombardların fəaliyyəti nəinki tənzimlənmir, heç onun anlayışı da qanunvericilikdə yoxdur"
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bizimlə söhbətində bildirdi ki, nəzəri baxımdan lombard krediti elə bir kredit növüdür ki, borc verəni kreditin qaytarılması baxımdan yalnız götürdüyü girov maraqlandırır. Buna görə də borc alanın kimliyi, onun maliyyə vəziyyəti araşdırılmır. Bu səbəbdən də lombardt krediti qısa bir zamanda rəsmiləşdirilir:
"Azərbaycanda lombardların fəaliyyəti nəinki xüsusi tənzimlənmir, heç onun anlayışı da qanunvericilikdə yoxdur. Qanunvericilikdə bəzən lombardların adı xatırlanır. Amma lombard nədir, nə işlə məşğul olur, - bu haqda heç nə yazılmayıb. Buna görə də faktiki olaraq, hər kəs özünü lombard elan edib, bu sahədə fəaliyyət göstərə bilər. Təxminən 10 il bundan əvvəl lombard fəaliyyəti üçün lisenziya tələb olunurdu, amma indi lisenziya, icazə tələb olunmur. Bir sözlə, bu sahədə indi boşluqdur!"
Ekspert-hüquqşünas hesab edir ki, elə bu səbəbdən də lombard müştərilərin hüquqlarını xüsusi qorumur:
"Lombard krediti bütün digər kreditlər kimi Mülki Məcəllənin "Borc" adlanan 37-ci fəsli ilə tənzimlənir. Müştərilər hüquqları pozulduğu halda, adi qaydada məhkəməyə şikayət edə bilərlər".
Əkrəm Həsənovun fikrincə, formal cəhətdən banklar lombard krediti verə bilməz. Çünki Mərkəzi Bankın "Banklarda kreditlərin verilməsi qaydaları"nın tələblərinə əsasən banklar kredit verərkən ilk növbədə borc alanın maliyyə vəziyyətini təhlil etməlidir, girov ikinci dərəcəli məsələ olmalıdır:
"Lakin reallıqda banklarımız lombard krediti verirlər. Yalandan yazırlar ki, guya borc alanın maliyyə vəziyyətini təhlil edərək, ona kredit verirlər. İkinci məqam, bank qanunvericiliyə görə, başqalarından cəlb edilmiş vəsait hesabına peşəkar qaydada kredit fəaliyyəti ilə ancaq Mərkəzi Bankın lisenziyasına əsasən, kredit təşkilatları məşğul ola bilər. Amma reallıqda lombardlar təbii ki, krediti öz hesablarına vermirlər. Başqalarından borc alıb, müştəriyə kredit verirlər. Buna nəzarət edən bir qurum yoxdur".
Qeyd edək ki, Mülki Məcəllənin "Borc" müqaviləsinin 739.1-ci bəndində nəzərdə tutulur ki,"Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür".
Beləliklə, araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanda lombardların fəaliyyətini tənzimləyən xüsusi qanuna, bu işlə məşğul olan insanlara nəzarət edən quruma ehtiyac var. Əgər bu sahədə boşluqlar aradan qaldırılarsa, lombard krediti götürən müştərilərin nə əsəbləri, nə də ki, hüquqları pozulmaz...