Gömrük Komitəsi: “Geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir”
29 iyul, 2015 14:18
Dövlət Gömrük Komitəsinin bəzi elektron kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı yayılan məlumatlara açıqlamasında qeyd olunub.
Bildirilib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir.
“Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılantaranın üzərindəki etiketlərə baxış keçirilir.
Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.
Hazırda geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir”-,məlumatda qeyd olunub.