Mətbuat konfransında AZAL Sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev bildirib ki, 2013-cü ildə alınan bu təyyarələr yaxın məsafəli uçuşlar həyata keçirib, bundan sonra aşağı büdcəli sərnişindaşıma xəttində (lou kost istiqamətlər) istifadə olunacaq.
E.Hacıyev ilk lou-kost uçuşların Bakı-Antalya istiqamətində avqustun 7-də həyata keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, uçuşlar mövsümlə əlaqədar olaraq avqust ayında həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək:
"Bir tərəfə bilet 99 avro olacaq və yalnız 5 kq-dan artıq olmayan ölçüsü 55-33-22 olan əl yükünə icazə veriləcək. Hər bir baqaj üçün Azərbaycandan uçuş zamanı 50 manat ödənilməlidir. Geriyə dönüş üçün 99 avro və baqaj olarsa, 50 dollar ödəmək lazım gələcək".
O, gələcəkdə başqa istiqamətlər üzrə, xüsusilə də Avropaya aşağı büdcəli uçuşların təşkilinin mümkün olub-olmamasına da aydınlıq gətirərək bildirib ki, hazırda AZAL-ın daha uzaq məsafələrə aşağı büdcəli uçuş üçün təyyarəsi yoxdur:" Bu reyslər üçün tam ekonom klass sinifə malik olan təyyarələr lazımdır və həmin təyyarələr orta magistral təyyarələr, "Airbus 320", "Boing 737", "Boing 757" tipli təyyarələr olmalıdır".