22 iyul - Azərbaycan mətbuatının 140 illiyi qeyd edilir
22 iyul, 2015 10:57
Verdiyi məlumata görə, düz 140 il öncə – 22 iyul tarixində Azərbaycan Milli Mətbuatının ilk qaranquşu sayılan “Əkinçi” qəzeti işıq üzü görüb.
Qəzetin yaradıcısı və baş mühərriri isə Azərbaycan xalqının tanınmış simalarından olan böyük maarifpərvər ziyalı Həsənbəy Zərdabi olub.
Qəzetin fəaliyyəti uzun çəkməsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan Milli Mətbuatının, Azərbaycan xalqının tarixində, onun maariflənməsində böyük rol oynayıb.
Bu qəzetdən sonra estafeti Azərbaycan xalqının digər maarifçi ziyalıları tərəfindən əsası qoyulan “Molla Nəsrəddin” jurnalı, “Şərqi-rus”, “Kaspi”, “Açıq söz”, “Həyat”, “Azərbaycan” qəzetləri, “Füyuzat”, “Yeni Füyuzat” dərgiləri və digərləri davam etdirib.
Ümumiyyətlə, Azərbaycan mətbuatının keçdiyi 140 illik yol keçməkeşli, əziyyətli, lakin şərəfli olub.
Ötən bu illər ərzində Azərbaycan mətbuatının bəzi nümayəndələri Azərbaycanın müstəqilliyi, vətən torpaqları yolunda, Qarabağ savaşında canlarını fəda edib, şəhid olub, Milli Qəhrəman adına layiq görülüblər.
Onu da qeyd edək ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdə ölkədə mətbuat azadlığının təmin olunması istiqamətində bir sıra addımlar atılıb.
1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkədə senzura tam ləğv olundu.
Yəni, “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul edilib, Mətbuat Şurası formalaşdırılıb, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Eyni zamanda qeyd edək ki, hazırda ölkədə 500-dən artıq mətbuat orqanı fəaliyyət göstərir ki, onların da 100-ə yaxını gündəlik nəşrlərdir.
Sonda onu da bildirək ki, artıq bir neçə ildir ölkəmizdə 22 iyul – Azərbaycan Milli Mətbuat Günü kimi qeyd edilir.
Qeyd edək ki, Milli Mətbuatın 140 illiyi təntənəli qeyd olunur. Prezident İlham Əliyev bu münasibətlə bir qrup jurnalistin mükafatlandırılması haqda sərəncam imzalayıb.
Həmçinin ölkə başçının sərəncamı ilə media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binası tikilərək qələm sahiblərinin ixtiyarına verilib. Daha bir binanın tikintisi hazırda davam etdirilir və gələn il jurnalistlərə təqdim olunması nəzərdə tutulur.