Qiymətlərin yüksək olması ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşları artıq Gürcüstan paytaxtından Avropa ölkələrinə, hətta qonşu Türkiyəyə belə uçurlar.
Bunu Gün.Az-a açıqlamasında iqtisadçı-alimVüqar Bayramov deyib.
O qeyd edib ki, bəzi hallarda Azərbaycan vətəndaşları öz şəxsi avtomobilləri ilə Tiflisə gedirlər və Tiflis Hava limanından istifadə edərək Avropa ölkələrinə səfər edirlər:
“Bu da ona gətirib çıxarır ki, vətəndaşlarımızın vəsaiti daxilə sərmayə edilmir, əksinə bu vəsaitlər digər ölkələrin iqtisadiyyatına yönəldilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, qiymətlərin yüksək olması ölkəyə gələn turistlərin sayına da təsir edir. Azərbaycana səyahət paketlərinin qiyməti çox bahadır. Bunun əsl səbəblərindən biri qiymətlərin yüksək olmasıdır”.
İqtisadçı, həmçinin qeyd edib ki, yalnız AZAL-ın öz reyslərinin qiymətinin deyil, Bakıya uçan aviaşirkətlərin təklif etdiyi reyslər üzrə də qiymətlərin yüksək olması da AZAL-ın tariflərinin də yüksək olması ilə bağlıdır.
Onun sözlərinə görə, AZAL-ın tariflərinin yüksək olması ona gətirib çıxarır ki, Türk Hava Yolları məsafənin demək olar ki, eyni olmasına baxmayaraq Tiflisə Bakı ilə müqayisədə Atatürk hava limanından təxminən 2 dəfə ucuz qiymətə uçur.
“Təbii ki, bu da AZAL-ın Azərbaycanda hava limanından istifadə ilə bağlı tariflərinin yüksək olması ilə bağlıdır.
Ona görə də qiymətlərə və tariflərə baxılması, dəyişikliklərin edilməsinə ehtiyac var. Bu olduqca vacibdir. Yüksək qiymətlər həm ona gətirib çıxaracaq ki, Azərbaycan vətəndaşları qonşu ölkələrin paytaxtlarından istifadə etməklə xaricə səfər edəcək, həm də Azərbaycana gələn turistlərin sayında ciddi artımlar müşahidə olunmayacaq.
Çünki AZAL-da qiymət və tariflərin yüksək olması Bakıya uçuşların bahalı olmasına gətirib çıxarır ki, nəticə etibarı ilə ölkəyə gələn turistlərin sayına çox ciddi təsir edəcək” - V.Bayramov əlavə edib.