Hakimlərin subyektivliyinə baxmayaraq, gimnastlarımız da ümumi qələbəyə öz töhfələrini verə bildilər.
Gün.Az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
O qeyd edib ki, gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma
“Oyunlar elə də asan keçmirdi. Çünki bu, idmandır və burada hər cür nəticə olur. Bilirsiniz ki, bədii gimnastikada çıxışların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Hakimlərin hərəsi çıxışa bir cür yanaşır. Qiymətləndirmə heç də hər zaman obyektiv olmur. Xüsusən biz bu halla neçə ildir ki, rastlaşırıq”.
A.Həsənov vurğulayıb ki, rəqiblərimizlə çox güclü rəqabət aparırıq.
“Ona görə də təbii ki, bizdən ehtiyat edirlər. Bəzən süni maneələr yaradırlar. Xüsusən də bu, hakimlərin şəxsi qərəzliyində, qeyri-obyektiv qiymətlərində hiss olunur. Biz bu halla elə ilk çıxışımızdan rastlaşdıq.
Qrup komandamız bədii gimnastikada yaxşı çıxış etdiyi halda, aşağı qiymət aldı. Digər komandalara isə yüksək qiymət verirdilər ki, finala yolumuz kəsilsin. Onda federasiyamızın rəhbəri qərar qəbul etdi ki, biz ədalətsizlik faktlarını açıqlayaq. Buna son qoymaq lazımdır. Çünki neçə ildir biz bunu müşahidə edirdik. Bu dəfə yarışlara daha yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq hakimlər yenə öz işlərini gördülər və məcbur olub Federasiya adından etirazımı bildirdim”.
O qeyd edib ki, hər bir idman son nəticəyə əsaslanır.
“Xüsusən bədii gimnastikada yaxşı nəticə əldə etmək üçün illərlə vaxt lazım gəlir. Artıq biz bu səviyyəyə gəlib çatmışıq. Son bir ildir ki, Azərbaycanda idman gimnastikası sürətlə inkişaf edir.
Həmçinin batut gimnastikasını, akrobatika və aerobikanı da yenidən dirçəltməyə başlamışıq və nəticələr özünü çox gözlətmədi. Biz ilk Avropa Oyunlarında idman gimnastikası üzrə 5, batutda 1 medal qazandıq. Mən deyərdim ki, bu, böyük uğurdur və gimnastlarımızın çıxışlarını müsbət qiymətləndiririk”.
A.Həsənov bəyan edib ki, ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ilin payızında birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra başladı.
“Təbii ki, bu inkişaf birdən-birə baş vermədi. Nailiyyətlərimiz tədricən artmağa başladı. Təcrübə topladıq, idmançılar yetişdirdik. Əvvəlcə xaricdən məşqçilər dəvət etdik, sonra isə öz məşqçilərimiz yetişdi.
Dövlətimizin başçısının qərarı ilə Milli Gimnastika Arenası inşa edilərək 2014-cü ildə istifadəyə verildi. Bu mükəmməl idman qurğusunun Avropada bənzəri yoxdur. Təbii ki, bu diqqət və qayğıya biz yüksək nəticələrlə cavab verməli idik. Məhz gərgin fəaliyyət, ardıcıl məşqlər sayəsində gimnastlarımız birinci Avropa Oyunlarında uğurla çıxış etdilər”.