Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) şöbə müdiri İlqar Abdullayev məlumat verib.
Təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açan İ.Abdullayev qeyd edib ki, bu ilin keçən dövrü ərzində elektron hökumət sahəsində bir çox mühüm işlər həyata keçirilib. Artıq vətəndaşlar bir sıra arayışları (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış, vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış və s.) dövlət qurumuna getmədən elektron hökumət portalından əldə edə bilirlər. Bundan başqa, yanvar ayında açıq hökumət məlumatları portalı (data.gov.az) istifadəyə verilib.
İ.Abdullayev bildirib ki, cari ildə MHM tərəfindən bir çox ali məktəblərdə, kolleclərdə “E-hökumət” istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunub, gələcəyin iş adamları olan tələbələrə ölkədə cərəyan edən elektronlaşma prosesləri və startup layihələr barədə geniş məlumat verilib. Eyni zamanda, yazı müsabiqəsi və mobil tərtibatların hazırlanması üzrə müsabiqə keçirilib.
İ.Abdullayev dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət portalına inteqrasiyasının və qurumlararası məlumat mübadiləsinin zəruri olduğunu deyib və bunun üçün bütün qurumların öz üzərinə düşən vəzifələrin vaxtında icra edilməsinin vacibliyini vurğulayıb.