Ertv.Az xəbər verir ki, film adından da göründüyü kimi bütün izdihamlardan uzaq, yalnız rahatlıq gətirən və dərin fəlsəfi düşüncələr formalaşdıran bir təsirə malik idi.
Bu, ingiltərəli yazıçı Tomas Hardinin 1874-cü ildə qələmə aldığı əsərin sayca 4-cü ekranlaşdırmış variantıdır.
Bu əsər yazıçının sevgi romanlarının arasında şedevrlərindən biri hesab edilir.
Ruhuna rahatlıq vermək istəyən, orta əsrlər romantikası yaşamağı arzulayan hər bir insan üçün bu filmi izləmək vazkeçilməz bir məqamdır. O dövrün sivilizasiyası, ədəb-ərkanı, yüksək əxlaqi keyfiyyətləri adamı lap nağıllar aləminə çəkir. Yüksək rejissor işi, aktyor oyunu ilə seçilən ekran işi, həqiqi film gözəlliyindən zövq almaq istəyənlər üçün doğru seçimdir.
Filmin şüarı “Parlayan hər şey qızıl deyil” - adlanır.
Dram janrında ekranlaşdırılan filmdə Batşiba Everdin (filmdəki ikinci soyadı - Uilyams) adlı qızın həyat hekayəsindən bəhs edilir. Batşiba vəfat etmiş dayısından ona miras qalan fermada məskunlaşıb. Hələ dayısı sağ olanda Batşebaya – təcrübəli və eyni zamanda dürüst insan olan, amma müflisləşmiş fermer Qabriel Ouk evlilik təklifi edir. Batşiba Qabrieldən xoşlansa da, onun təklifinə "hə" cavabı vermir və fikirləşmək üçün vaxt istəyir. Çünki gənc qız qarşısında xaraktercə onun ruhuna toxuna biləcək birini görmək istəyir.
Dayısından miras qalan fermanın idarəsini öz üzərinə götürən Batşiba baş verən yanğın zamanı onu müflisləşməkdən xilas edən Qabriellə yenidən rastlaşır. Ona fermada çoban işi təklif edir. Qabriel isə olduqca kasıblayıb, üstəlik, Batşibaya olan sevgisindən dolayı təklifi rədd edə bilmir.
Daha sonra isə Batşibaya evlilik təklifi qonşusu, olduqca imkanlı fermer Uilyam Boldvuddan gəlir. Batşıba Boldvuda da müsbət cavab verməyə tələsmir, fermerin təklifini düşünmək üçün ondan vaxt istəyir.
Sonunda qızcığaz yaraşıqlı olduğu qədər də məsuliyyətsiz zabit Frenk Troya könül verir. Lakin ətrafdakılar Troyun alçaq və şorgöz olduğunu söyləyirlər. Təəssüf ki, Batşebanın ürəyi ağlını dinləmir və zabitlə ailə qurur. Nəticədə isə həm həyat yoldaşı, həm də bir qadın olaraq qüruru alçalır. Lakin bu hələ əhvalatın lap başlanğıcıdır...
Maraqlı və həyəcanlı anlarla zəngin olan filmdə Maykl Şin, Keri Malliqan, Rişard Dikson, Mattias Şonarts, Tom Starric, Cessika Barden və başqaları çəkilib.
Qeyd edək ki, maraqlı ekran əsərinə kinosevərlər iyulun 2-dən etibarən “Park Cinema” kinoteatrlar şəbəkəsində baxa bilərlər.