Azərbaycanda turizm: Şəki haqqında hər şey-otellər, qiymətlər, görməli yerlər
22 iyun, 2015 01:43
Bu yazılarda həmin bölgə haqqında oxuculara maraqlı olacağını düşündüyümüz bütün məlumatları çatdırırıq.
Bu dəfəki yazımız duzlu-məzəli zarafatları, çoxlu sayda tarixi abidələri, təbiəti, ipəyi, şirniyyatları, xüsusilə də halvası ölkənin hüdudlarından kənarda da ün salmış Şəkiyə həsr olunub.
Necə getmək olar?
Şəki Bakıdan 370 km məsafədə yerləşir. Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm də avtobusdan istifadə etmək mümkündür. Maşınla 3 saat yarım 4 saata, avtobusla isə 5-6 saata mənzil başına çatmaq olar.
Hər gün Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şəki istiqamətində səhər saat 8:00-dan 18:00-dək bir saatdan bir avtobuslar yola düşür. Avtobusda bir yerin qiyməti 6 manat təşkil edir.
Yolda vaxt itirmək istəməyib, mənzil başına daha tez çatmaq istəyənlər isə bir az çox pul xərcləyərək Bakı-Qəbələ aviareysindən istifadə edərək Şəkiyə gedə bilərlər.
Təyyarə reysi həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetirilir.
Cümə günü təyyarə Bakıdan 17:20-də uçur, axşam 20-də isə Bakıya qayıdır. Bazar günü isə 20:30-dan Bakıdan uçur 10:15-da isə qayıdır.
Biletin qiyməti isə gediş-dönüş 60 manat təşkil edir. Uçuş Embraer 190 təyyarəsi ilə yerinə yetirilir. Uçuş müddəti 55 dəqiqədir. Qəbələdən Şəkiyə məsafə 145 kilometrdir.
Otellər
Şəki Azərbaycanın ən çox turist cəlb edən şəhərlərindəndir. Bura yerli turistlərlə yanaşı, xarici turistlər də səyahət edirlər. Turistlərin populyar məskəni olması burada onlarla otelin, qonaqlama evlərinin inşasını labüd edib.
Şəkidə gecələmək üçün qonaq evləri, müxtəlif ulduz kateqoriyaları verilmiş otellər, fərdi evlər tapmaq mümkündür.
Burada kənd evlərində bir gecəlik qiymət 10 manatdan başlayır. Şəkiyə gələn turistlər bir gecəsi 30 manata hostellərdə də gecələyə bilərlər.
Şəkidəki üç ulduz otellərdə qiymət bir gecə üçün 50 manatdan, dörd ulduz otellərdə isə 70 manatdan başlayır. Rayonun istirahət mərkəzlərindəki koteclərdə də qiymətlər 70 manat təşkil edir.
Görməli yerlər
Tarixi abidələrin yerləşdiyi qoruq
Şəki Azərbaycan tarixində hər zaman mühüm rol oynayıb. Şəhər 1968-ci ilə qədər Nuxa adlanıb. Şəkinin hər daşında qədimlik hiss olunur.
Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Giləhli məscidinin minarəsi, XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Yuxarı karvansaray, XIX əsrdən qalan Ağvanlar hamamı var. Bu abidələr “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşir.
Qoruq şəhərin ümumi ərazisinin üçdə birini təşkil edir. Qoruğun sahəsi 283 hektardır. Qoruq ərazisində yerləşən, qeydiyyatdan keçmiş 25 ədəd dünya, ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, arxeoloji, park monumental və xatirə abidələri yerləşir. Bunlardan başqa, qoruq ərazisində yeni aşkar edilmiş, XVIII, XIX, XX əsrlərə aid, bədii təsvirini bu günə kimi qoruyub saxlamış 205-ə yaxın dini binalar, şəxsi mülklər, ipək manufakturası, tütün maxorka fabriki, ticarət anbarları, kustar emalatxana, ticarət dükanları mövcuddur.
“Tağlı körpülər”, şəxsi mülklər, arxeoloji abidə olan, yeraltı “Saxsı su kəməri”, “Axundzadənin ev muzeyi”, “Rəşidbəy Əfəndiyevin ev muzeyi”, “S.Rəhmanın ev muzeyi” də qoruq ərazisində bu günə kimi qorunub saxlanılıb.
Şəhərin tarixi abidələri, memarlıq nümunələri ilə yanaşı, gözəl təbiəti, meşələrlə örtülmüş dağları da insanı valeh edir.
Narınca qala
Müdafiə tikilisi olan bu abidə şəhərin şimal-şərq hissəsində yerləşir. Qala Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilib.
Onun divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Qalanın cənubdan hündürlüyü 8 metr, şimalda isə 4 metrdir. Qalanın cənubdan və şimaldan 2 tağlı darvazası, bürcləri var. Şəki xanlığının iqamətgahı olan “Xan sarayı” da qalanın şimal şərqində yerləşir.
Şəki Xan sarayı
Şəkidən danışarkən burada yerləşən dünya memarlıq abidələri siyahısına daxil edilmiş Şəki xan sarayından danışmamaq qəbahət olar.
Saray əvvəllər “Divanxana” adlanıb. Onun tikintisinə 1789-1790-cı ildə başlanılıb və 1797-ci ildə inşaat başa çatıb. Məlumata görə, binanın inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənib. Sarayın memarı şirazlı Zeynalabdin olub.
Bina biyar yolu ilə tikilib.
1819-cu ildə Şəki Xanlığının ruslar tərəfindən ləğv edilməsindən sonra burada şəhər məhkəməsi yerləşib. Saray hazırda muzey kimi fəaliyyət göstərir.
Qala divarları ilə əhatə olunan bu ikimərtəbəli tikili altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar var.
Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməyib.
Məlumata görə, mismar və yapışqandan sarayın tikintisində istifadə olunmaması pəncərələrinin hazırlanmasında problemlər yaradır. Bu, sənətkarları qeyri-ənənəvi vasitələr axtarmağa məcbur edir. Sonda şəbəkə üsulu ilə pəncərələr hazırlanır. Bu üsulda kiçik taxta hissəciklər bir-birinə keçirilir və aralarına rəngli şüşələr qoyularaq bərkidilir. Taxtalar yerli məhsuldan olur, rəngli şüşələr isə xanın göstərişi ilə Şəki ipəyi əvəzinə Venesiyadan gətirilir.
Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilib.
Məşhur türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra yazıb ki, əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi.
Bina 2002-2004-cü illərdə təmir olunub.
Karvansara
Şəkidə bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan abidələrdən biri də Karvansaradır. Karvansara Mirzə Fətəli Axundov küçəsində yerləşir.
XVIII-XIX əsrlərdə Şəkidə 5 böyük karvansara mövcud olub (“İsfahan”, “Təbriz”, “Ləzgi”, “Erməni”, “Təzə Karvansara”). Onlardan isə dövrümüzə indiki adları Yuxarı və Aşağı Karvansara olan iki Karvansara qalıb.
XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilib. Bu abidələr həm tikiliş, həm də şərait baxımından çox rahat olub, iri miqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə malik olub.
Tarixi abidə statusuna malik bu binalar hazırda dörd ulduz mehmanxana kompleksi kimi fəaliyyət göstərirlər.
Xalq sənətkarlığının sərgiləndiyi muzey
Şəki hər zaman təkrarolunmaz sənət nümunələri yaratmış sənətkarlarla zəngin olub. Qədim dövrdən indiyə kimi burada xüsusi sənət sahələri mövcud olub. Elə onların əl işlərinin də nümayiş olunduğu bir muzey var Xalq Tətbiqi Sənəti muzeyi.
Bu muzey Xan sarayına yaxın yerləşir. Muzey 1985-ci il iyun ayının 9-da açılıb. Qədim Alban məbədində yerləşən bu binaya el arasında “Dairəvi məbəd” də deyilir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Rusiya Azərbaycanı işğal etdikdən sonra (XIX əsr) Dairəvi Məbəddə konstruktiv dəyişikliklər edilərək, rus əsgərlərinin kilsəsi kimi istifadə olunub.
Hazırda Xalq Tətbiqi Sənəti muzeyi 4 ekspozisiya zalından ibarətdir. I zalda Şəki ərazisindən tapılmış arxeoloji qazıntı eksponatları nümayiş etdirilir. Burada müxtəlif tipli gül qablar, qadın, kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. II əsas zalda isə duluzçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir, bu sənətlərlə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. III zalda əsasən milli qadın və kişi geyimləri, milli musiqi alətləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. IV zal isə “Şəki otağı” adlanır. Burada qədim Şəki evlərinin interyeri nümayiş etdirilir.
Giləhli məscidi
Şəkinin qədim tarixi-memarlıq abidələrindən biri də XVIII əsrə məxsus Giləhli məscididir. Məscid Şəkinin şimal-şərq ucqarında, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilib.
Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq üslubunda tikilmiş məscid binasının daxili görkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yaranır ki, sarayla məscidin daxili divarını eyni sənətkar yaradıb.
Xan məscidi
Bu məscid 1745-1750-ci illərdə Hacı Çələbi xan tərəfindən tikdirilib. Elə ona görə də xalq arasında “Xan məscidi” adlandırılır.
Məscidin yanında üzərində yüksək ustalıqla işlənmiş, oyma naxışlarla bəzədilmiş qəbirüstü daşlar olan qəbirstanlıq var. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən “Xan qəbirstanlığı” adlanır. Məscid, minarə və qəbirstanlıqda olan günbəzlər, incə və sənətkarlıqla yazılıb, oyma xətkarlıq kitabələri tarixi abidə kimi dövlət tərəfindən mühafizə edilir.
Kiş Alban məbədi
Şəkiyə səyahət edərkən rayona yaxın yerləşən Kiş kəndindəki Alban məbədinə də baş çəkməyi unutmayın.
Bəzi məlumatlara görə, bu məbəd Qafqazın ilk kilsəsidir. Fərziyyəyə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir.
Kiş məbədinin tikilməsi haqda da tədqiqatçıların ziddiyyət təşkil edən fikirləri var. 2000-2001-ci illərdə Kiş məbədində aparılmış arxeoloji qazıntılarda arxeoloq – məsləhətçi kimi Norveç tərəfini təmsil edən professor Bernar Sturfiel məbədin XI – XII əsrlərdə tikildiyini iddia edir.
Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunub. Qəbrin örtüyü 3 qatdan- I qat gil, kömür, kül və torpaq, II qat gil, III qat isə eynilə I qata oxşar qarışıqdan ibarət olub.
Kişdə arxeoloji tədqiqatlardan sonra belə qərara gəlinib ki, Şəki bölgəsinin Kiş kəndi ərazisində yerləşən məbəd həqiqətən də Müqəddəs Yelisey tərəfindən tikilib.
“Gələrsən-görərsən” qalası
Tarix kitablarından çoxlarına tanış olan bu qala əvvəllər Qız yaxud Qızlar qalası adlanıb. Bu ad da alınmazlıq və məğlubedilməzlik anlamındadır. Qala Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır.
Qala sındırılmış çay daşlarından inşa edilib. Şəki şəhərinin özü qala divarları ilə əhatə olunmadığından, düşmən hücumu zamanı əhali bu qalaya sığınıb.
Qalaya “Gələrsən-görərsən” adı isə tarixçilərin məlumatına görə, 1743-cü il hadisələrindən sonra verilib. Belə ki, həmin ildə Nadir şah böyük qüvvə ilə Şəkiyə yürüş edir. Şəki vilayətinin hakimi Hacı Çələbi xan qalaya sığınaraq Nadir şaha müqavimət göstərir. Nadir şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb edir, əks halda torpağını yerlə-yeksan edəcəyini, qaladakıların hamısını qılıncdan keçirəcəyini bildirir. Qalanın müdafiəçiləri isə ona açıq cavab verərək “Gələrsən, görərsən” - deyirlər.
Digər rəvayətə görə isə Nadir şahla Hacı Çələbi xanın üzbəüz duran qoşunları uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və şəkililərdən soruşur: “O necə qaladır ki, onu almaq olmur?”. Ona belə cavab verirlər: “Gələrsən-Görərsən”.
Deyilənə görə, elə o vaxtdan qala belə adlanıb. Bütün bunlardan sonra Nadir şahın qoşunları hücuma başlayır. Lakin qalanın müdafiəçilərinə qarşı döyüşlərdə heç bir müvəffəqiyyət qazanmayan şah geri çəkilməyə məcbur olur.
Məlumata görə, rus yazıçısı Lev Tolstoyun məşhur “Hacı Murad” povestinin qəhrəmanlarının başına gələn hadisələr də bu qalada cərəyan edir.
“Şəkiyə gələn heyran olacaq”
Şəki özünəməxsusluğu ilə seçilir. Şəkinin Böyük Dəhnə kəndindən olan xalq artisti Gülyanaq Məmmədova da özünəməxsusluğu ilə seçilən Şəkiyə gələnlərin heyran olacağını bildirir:
“Şəkidə olanlar da həmişə buranın başqa aləm olduğunu qeyd edirlər. Şəkinin çox şirin ləhcəsi var, qonaqpərvərdirlər. Şəkinin gəzməli görməli yerləri, tarixi abidələri çoxdur. Burada dincəlmək üçün də gözəl otellər var. Bu otellərdə hər cür şərait var və qiymətlər də çox münasibdir”.
Xalq artisti Şəkinin şirniyyatlarını xüsusilə qeyd edir:
“Şəki halvası dillər əzbəridir. Şəkidə qırma badam halvası, tel halvası da hazırlanır. Şəkinin xüsusi noğulları var. Yəni Şəki şirniyyatları gözəlliyi və özəlliyi ilə seçilir”.
G.Məmmədova Şəkinin ipəyindən, kəlağayısından da bəhs edir:
“Mən ipəkçiliklə məşğul olan ailədə doğulduğumdan bilirəm ki, ipək necə hazırlanır. Turistlər bu prosesi canlı izləsələr heyran olacaqlar. Həmişə Şəki ipəyi və kəlağayısı məşhur olub. Ümumiyyətlər, Şəkinin bütün həyat tərzi çox maraqlıdır”.
Şəkidə tarixi abidələr, memarlıq nümunələri o qədər çoxdur ki, biz hamısını yazımıza sığdıra bilmədik. Min eşitməkdənsə, bir görmək yaxşıdır deyiblər. Elə yaxşısı budur özünüz gedib həm bu abidələri gəzəsiniz, həm də yerli sakinlərin şirin ləhcələri ilə söylədikləri lətifələrə qulaq asa-asa Şəki halvasından, Pitisindən dadasınız.
Sizə xoş istirahətlər arzulayırıq!