Ertv.Az xəbər verir ki, bu gün 4 çəki dərəcəsi üzrə keçiriləcək güləşlərdən sonra sərbəst güləşçilərin yarışı yekunlaşacaq.
Dünən 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunur.
61 kq
Bu çəkidə Hacı Əliyev erməni güləşçi ilə qarşılaşıb. Avropa və dünya çempionumuz 1/8 finalda Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib. İdmançımız ermənini 7-0 hesabı ilə darmadağın edib.
Hacı Əliyev qələbə sayəsində 1/4 finala yüksəlib. Onun növbəti rəqibi Mikola Bolotnyuk olacaq.
Xatırladaq ki, Hacı Əliyevin qardaşı Yaşar Əliyev də dünən erməni idmançı Qarik Barsekyanı məğlub etmişdi.
70 kq
Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçimiz bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə güləşəcək.
86 kq
Bu çəki dərəcəsində 19 yaşlı Nurmaqomed Hacıyev ilk döyüşündə bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz startda hesabda geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 14:2.
125 kq
Günün ən ağır çəki dərəcəsində Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib.
Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşacaq.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.