Rusiyalı idmançı: “Təşkilatçılıq baxımından Avropa Oyunlarını London Olimpiadası ilə müqayisə etmək olar”
15 iyun, 2015 15:08
Ertv.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri I Avropa Oyunlarının gümüş mükafatçısıAleksey Korovaşkov deyib.
1000 metr məsafəyə kanoe yarışlarında İlya Pervuxinlə birlikdə gümüş medal qazanan rusiyalı idmançı Bakıda təşkil edilən “Azarkeşlər evi”ndə jurnalistlərin suallarını cavablandırıb.
Yarış zamanı suda boğulmaq təhlükəsi ilə üzləşən, son anda həkimlərin səyi nəticəsində həyatda qalan Korovaşkov maraqlı fikirlər səsləndirib. İdmançı anasının ona görə narahatlıq keçirdiyini bildirib:
“Bizim yarış başa çatandan sonra anam telefonda məndən xahiş etdi ki, daha çox sağlamlığıma fikir verim. Ancaq o, idmançı deyil və başa düşə bilməz ki, biz 1 il ərzində cəmi 4 dəqiqəlik mübarizə üçün çalışırıq. Bütün emosiyalar birinci olmaq üçündür”.
Rusiyalı atlet I Avropa Oyunlarında təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edib:
“Mingəçevirdə də Atletlər Kəndi yaradılıb. Təbii ki, Bakıdakı ilə müqayisədə, balacadır. Təşkilatçılıq baxımından Avropa Oyunlarını London Olimpiadası ilə müqayisə etmək olar. Bu yarışda idmançılara dərin hörmətlə yanaşırlar. Atletlərin təhlükəsizliyinə də xüsusi diqqət ayrılıb. Əminəm ki, bunu təkcə mən yox, bütün ölkələrdən olan idmançılar yüksək qiymətləndirirlər. Atletlər Kəndində ekranlar quraşdırılıb. Hamısında yarışın canlı yayımı göstərilir. Biz televiziya vasitəsilə digər yarışları da izləyirik. Təbii ki, hər kəs öz həmyerlilərini dəstəkləyir”.
Qeyd edək ki, “Azarkeşlər evi”ndə paytaxtımızın qonaqları Azərbaycan və Rusiya idman tarixinin maraqlı məqamları ilə tanış olurlar.
Bundan əlavə, Avropa Oyunlarında çıxış edən atletlər haqda daha çox məlumat toplamaq imkanı qazanırlar.
Azarkeşlər evi iyunun 12-dən açılıb və ayın 28-nə qədər fəaliyyət göstərəcək.