Xəbərlər

Toylarımızın rəmzi – Vağzalı rəqsi
16 iyun, 2015 15:04
Mahnı bir qızın gəlin köçməsinə, bununla bağlı onun yaxınlarının həyəcanına həsr edilib. Fikir verirsinizsə, gəlin köçməyə həsr edilən mahnınıın əsas mövzusu “vağzalı”dır. Elə bizim də təqdim etdiyimiz yazı “Vağzalı” musiqisi və ona uyğun quruluş verilmiş rəqsə aiddir.
 
“Vağzalı”nın mahiyyəti
 
Azərbaycanın xalq rəqsləri sırasında “Vağzalı”nın öz xüsusi yeri var, desək, yanılmarıq. Son dərəcə zərif, ürəyə yatan melodiya, incə, yumşaq hərəkətlərlə zəngin bu rəqs xalq arasında əsasən gəlin havası kimi qəbul olunub.
 
“Vağzalı” musiqisinin ruhunda həm həsrət var, həm də sevinc. Çünki məhz bu musiqinin sədaları altında bir ailə övlad yola salır, digər ailə isə qarşılayır. Artıq uzun illərdir ki, Azərbaycanda “Vağzalı” toyların əvvəlində və sonunda səsləndirilir. 
 
“Vağzalı”nın tarixi
 
“Vağzalı”nın yaranma tarixçəsini araşdırdıqda, onun öz adından da xeyli qədim bir rəqs olduğunu öyrəndik.
 
Məlum olduğu kimi, XVI əsrdə qaraqoyunluların böyük bir qəbiləsi Azərbaycanda məskən salıb. Onlardan miras kimi tarixdə yalnız “Qarabağ ağrısı” qalıb. Sonralar bu musiqi iki hissəyə ayrılaraq, “Asta Qarabağı” və “Vağzalı” musiqilərinə çevrilib.
 
Bu musiqiyə “Vağzalı” adı isə XIX əsrin sonunda verilib ki, bu da Azərbaycanda dəmir yolunun çəkilişi ilə bağlı olub.  
 
Azərbaycanda dəmir yolu xətti ilk dəfə Bakı ilə Balaxanı-Sabunçu və Suraxanı neft mədənləri arasında salınıb. Əvvəllər dəmir yolu xətti yalnız neft daşınmaları üçün istifadə edilirdi. Sonradan dəmir yolu sərnişindaşınmada da istifadə edilməyə başladı.
 
1883-cü ilin mayında Tiflislə Bakı arasında dəmir yolu xətti salındı. Məhz bu fakt “Vağzalı” musiqisinin adına həlledici təsir göstərdi.
 
Belə ki, əvvəllər gəlin uzaq yerə köçərkən faytondan istifadə olunurdu.
 
Dəmiryolunda sərnişindaşınma başlayarkən, bu yeni qurulan ailələrə də yardımçı oldu. Artıq gəlini faytonla deyil, qatarla yola salırdılar. 
 
Vağzala yığışan qohumlar qızı məhz bu musiqinin sədaları altında gəlin köçürməyə üstünlük verirdilər. Bəyin qohumları da öz yaşadıqları yerin vağzalında bu musiqi ilə gəlini qarşılayırdılar.  Elə o zamandan “Qarabağ ağrısı” adı ilə tanınan musiqi yeni ada qovuşur – 
“Vağzalı”.
 
Rəqqaslarımız “Vağzalı” haqqında
 
“Vağzalı” rəqsinə ilk dəfə məşhur xoreoqraf  Əlibaba Abdullayev quruluş verib.
 
Bu rəqsin solistləri Ramiz Məmmədov və Əminə Dilbazi olublar. “Vağzalı” qrup şəklində oynanılır: rəqsə qızlar başlayır, sonra səhnəyə oğlan gəlir və qızların arasında solo ifa edir. O, əlindəki stəkanları rəqs edərkən qızlara paylayır. Sonradan qadın solo ifaçı (Əminə Dilbazi) səhnəyə əlində dörd stəkanla daxil olaraq rəqs edir.
 
“Vağzalı”nı bu quruluşla Dövlət Mahnı və Rəqs Ansamblı keçmiş SSRİ-nin bir çox şəhərlərində, o cümlədən paytaxt Moskvada müxtəlif mədəni tədbirlər zamanı çıxış ediblər. Rəqs o zaman tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.
 
Sonradan “Vağzalı” rəqsinə həm solo, həm də qrup rəqsi kimi quruluşlar verilib. Xanım rəqqasələrdən Əminə Dilbazidən sonra “Vağzalı”nı Afaq Məlikova, Tamilla Xudayarova, Roza Cəlilova, Təranə Muradova fərqli quruluşlarda təqdim ediblər. 
 
Rəqsdə istifadə olunan hərəkətlər barədə danışan Azərbaycanın Xalq Artisti, rəqqasə Təranə Muradova qeyd edir ki, hərəkətlər çox incə və nazik olmalıdır:
 
“Xanım gözlərini mütləq aşağı salmalıdır, kişilərin gözünə baxmamalıdır.  “Vağzalı”da sındırma, süzmə kimi incə rəqs hərəkətləri var.
Məlumdur ki, gəlin və bəy toy zalına asta-asta daxil olurlar. Bizim də quruluşda rəqs elədir ki, gəlin kəlağayını bağlayıb, açanda gözləri mütləq aşağı baxmalıdır və süzərək hərəkət etməlidir. O göz və qaşla naz etməlidir”.
 
“Vağzalı”nı ifa edən sənətkarlar 
 
Əvvəllər “Vağzalı” yalnız zurna-balabanda ifa edilib. Sonradan Azərbaycan musiqisinə digər alətlər də daxil edildikcə bu musiqi həmin alətlərdə də çalınıb.
 
“Vağzalı” musiqisi müxtəlif alətlərdə ifa olunsa da, klarnetdə ifa ən uğurlusudur. Musiqiçilər deyir ki, “Vağzalı” elə bil məhz klarnet üçün yaradılıb. “Vağzalı”nın ləzzətini bu musiqi klarnetdə ifa edilərkən tutmaq olur.
 
Azərbaycanın çoxlu sayda mahir klarnet ifaçıları olub ki, onlar da hərəsi özünəməxsus “Vazğalı” ifa etmə tərzi ilə seçiliblər. Kimisi “Vağzalı”nı azca tələsik tempdə, kimisə çox ağır tempdə, kimisi isə orta templə ifa edib.
 
“Vağzalı” onu ifa edən musiqiçinin xəyal dünyasının genişliyi, ustalıq səviyyəsi, improvizə bacarığını nümayiş etdirməyə geniş imkan yaradan musiqidir. Təsadüfi deyil ki, “Vağzalı”nı yaxşı səsləndirməyən klarnet ifaçısı heç bir zaman yaxşı musiqiçi kimi həmkarları arasında hörmət qazana bilməz.
 
Bayaq vurğuladığımız kimi, “Vağzalı”nın çoxlu sayda mahir ifaçıları olsa da, onların arasında Məşədi Məhəmmədi xüsusi olaraq qeyd etmək lazımdır. Məşədi Məhəmmədin ifasında səsləndirilən “Vağzalı” insanın ən kövrək hisslərinə toxunur, onun xəyallarını uzağa aparır, bu musiqinin əsl mahiyyətini anlamağa yardımçı olur.
 
90-ı illərin əvvəllərində, Məşədi Məhəmmədin ölümcül xəstəliyə düçar olduğunu bilən bəstəkar Rafiq Babayev, gələcək nəsillərə yadigar qalsın deyə onun ifasında bir neçə musiqini lentə yazdırmaq qərarına gəlir. Klarnet ifaçısının ifasında 4 musiqi yazılır ki, bunlardan da biri “Vağzalı” olur. Bu məşhur klarnet ustasının ifasında 6 dəqiqə davam edən həzin “Vağzalı” musiqisinə təsirsiz qulaq asmaq mümkün deyil.
 
Məşədi Məhəmmədin həyat və yaradıcılığından bəhs edən “Qara ney” sənədli filmində də klarnet ifaçısı bu barədə danışır: “Vağzalı”nı ifa etməzdən əvvəl gözlərimi yumdum. Gözlərimin qarşısına 20 yanvar şəhidləri olan İlham və Fərizə gəldi. Onları təsvir edib, “Vağzalı”nı səsləndirdim”.
 
“Vağzalı” musiqisinin digər gözəl ifası mərhum klarnet ifaçısı Vəli Qədimova məxsusdur. Hamınız yəqin ki, “Bəyin oğurlanması” filmində ağsaqqalın “daha bəsdir, gəlin havası çalın” ifadəsi yadınızdadır. Bu ifadədən sonra səslənən gözəl, həzin “Vağzalı” musiqisini məhz Vəli Qədimov ifa edir... 
 
Geyim ustası: “Hər rəqsin paltarı üçün fərqli elementlər seçilir”
 
“Vağzalı”nı rəqs edənlərin geyimləri də göz oxşayır.  Milli rəqs kostyumlarının geyim ustası İradə Ağabəyovanın sözlərinə görə, səhnə paltarlarının hamısı əl ilə tikilir. Onların üzərində milli ornamentlər və simvollar nəqş edilir: 
 
“Bu rəqs üçün tikilən kostyumlar da bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Azərbaycanın hər bir bölgəsinin özünəməxsus ornamenti və mənası var. Ona görə də hər bir konkret rəqsin paltarı üçün fərqli elementlər seçilir”.
 
Ermənilər “Vağzalı”nı da öz adlarına çıxarıblar
 
Təəssüf ki, istər “Vağzalı”, istərsə də digər milli rəqslərimiz zaman-zaman başqa xalqlar tərəfindən mənimsənilir. Xüsusən də, torpaqlarımızın 20 faizini işğal edən ermənilər musiqimizə, xalq rəqslərimizə də göz dikməkdən çəkinmirlər. Hər fürsətdə onları öz adlarına çıxırlar, erməni milli rəqsi kimi qələmə verirlər.
 
Azərbaycan Müəllif Hüquqları Agentliyindən aldığımız məlumata görə, indiyədək erməni musiqiçiləri “Vağzalı”, “Yallı”, “Uzundərə”, “Mirzəyi”, “Qazağı”, “Tərəkəmə” kimi oyun havalarını, “Sarı gəlin”, “Xan bacı”, “Dəli Ceyran” kimi Azərbaycan xalq mahnılarını öz adlarına çıxarmağa çalışıblar.
 
2004-cü ildə "Vağzalı" rəqsi ermənilərə məxsus olan və qeyri-qanuni fəaliyyət göstərən "Ani-records" səsyazma studiyası tərəfindən mənimsənilib. Rusiyada fəaliyyət göstərən bu fonoqram və videoqram "istehsalçısı"nın və onunla əlaqədə olan digər erməni səsyazma studiyalarının sayəsində 1999-2003-cü illərdə Rusiyanın və digər MDB ölkələrinin, həmçinin bir sıra uzaq xarici ölkələrin bazarları "erməni musiqisi", "erməni rəqsləri" adı altında məhsullarla doldurub.
 
Müəllif Hüqüqları Agentliyinin araşdırması nəticəsində üzə çıxarılıb ki, bu səsyazma studiyasının lisenziyası yoxdur və onun fəaliyyəti qeyri-qanunidir.
 
Agentlik Rusiya səfirliyindən həmin məlumatın müvafiq səlahiyyətli orqanlarına çatdırılmasını və “Ani-records”un qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında kömək göstərilməsini xahiş edib. Nəticədə məsələ araşdırılıb və bu səsyazma studiyasının fəaliyyəti elə həmin il dayandırılıb.
 
Xalq rəqslərinin müəlliflik hüquqlarını dövlət necə qoruyur?
 
Təbii ki, təkcə adını sadaladığımız rəqslər deyil, Azərbaycanın bütün qədim, xalq rəqslərinin dövlət tərəfindən müəlliflik hüququnun qorunması üçün tədbirlər görülməlidir.
 
Müəllif Hüquqları Agentliyindən bildirildi ki, xalq mahnıları və rəqs melodiyaları Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan folklor nümunələrinə aiddirlər.
 
Milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri 2003-cü ildə qəbul olunmuş “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir:
 
“Milli rəqs qismində Azərbaycan xalqının milli folklorunun nümunələri kimi Müəllif Hüquqları Agentliyinin “Folklor elektron məlumat bazasına” daxil edilmiş “Vağzalı" rəqsi həmin Qanunun müddəalarına uyğun qorunur”.
 
Agentlikdən bildirilib ki, qanunvericiliyə görə Azərbaycan folklor nümunələrinin ölkə ərazisində ənənəvi və adi, o cümlədən kommersiya məqsədilə istifadə formaları sərbəstdir, ənənəvi və adi olmayan istifadə zamanı isə onların təbii mahiyyət və məzmununa xələl gətirməməklə, məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər:
 
“Azərbaycan Respublikasının hüdudlarından kənarda isə digər dövlətlərin hüquqi və fiziki şəxslərifolklor nümunələrindən kommersiya məqsədi ilə yalnız Müəllif Hüquqları Agentliyinin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər”.
 
Millət vəkili: “Milli rəqslərimizlə bağlı ayrıca bir sahə qanununun hazırlanmasına ehtiyac var”
 
Millət vəkili Jalə Əliyeva hesab edir ki, milli rəqslərimiz barədə ayrıca bir sahə qanununun işlənib, qəbul edilməsi barədə düşünmək olar.
 
“Azərbaycan mədəniyyətlə bağlı bütün məsələlər bir neçə il bundan əvvəl qəbul edilən və mükəmməl sənəd sayılan “Mədəniyyət haqqında” qanunda öz əksini tapıb. Eyni zamanda, orada epizodik də olsa milli rəqslərimizin də adı keçir.
 
Əhəmiyyətli bir məsələdir ki, Milli Məclis olaraq incəsənətə dair ayrı-ayrı sahə qanunları hazırlamağa başlamışıq. “Yaradıcı şəxslər haqqında”, “Aşıq sənəti haqqında”, “Kulinariya haqqında” qanunlar hazırlayırıq.
 
Milli rəqslərimiz də mədəniyyətimizin bir hissəsi olduğundan düşünürəm ki, onunla bağlı da ayrıca bir sahə qanununun hazırlanmasına ehtiyac var. Bu, xalqımızın tarixi, mədəni bir dəyəridir. Bu bizim müəlliflik hüququnun isbat olunmasında, mədəni irs kimi qorunub, gələcək nəsillərə ötürülməsində vacib bir rol oynaya bilər”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.